8 noyabr - Zəfər Günü ərəfəsində Vətən müharibəsinin şəhidi Mirzəli Rəşad Hafiz oğlunun ailəsi ziyarət olunub
8 noyabr-Zəfər Gününün altıncı ildönümü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.
Tərtər RİHB aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev və YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev rayonun Hacıqərvənd kəndində yaşayan Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Onlar şəhidlərə allahdan rəhmət diləyib, ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.
Ziyarətçilər xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını, onların xatirəsini həmişə əziz tutduğunu bildirib, şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Qeyd edək ki, Rəşad Mirzəli hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.
Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizim kollecinə daxil olsa da gizirlik kursunu keçib, təyinatını N saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də isə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






