8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun tərtərli qadınlara təbriki
Hörmətli şəhid anaları,
Əziz tərtərli qadınlar, ana və bacılar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
Qadın özünün həyatverici missiyası ilə yanaşı həm də incəliyin, nəcibliyin və xeyirxahlığın rəmzidir. Ana və bacılara hörmət və məhəbbət xalqımızın mentalitetinə xas olan və qədim əsrlərdən bugünədək qorunub saxlanılan adətlərdəndir.
Müasir cəmiyyətimizdə qadınlara kişilərlə bərabər hüquqlar verilib. Dövlət quruculuğundan tutmuş biznes sahələrinədək hər yerdə zərif cinsin nümayəndələri layiqincə təmsil olunurlar.
Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli işləri ilə sübut etmişlər.
Cəmiyyətdə fəal vətəndaş, ailədə fədakar ana olan qadınlar həm də gələcəyimiz olan nəslin təlim-tərbiyəsində, onların əsl vətənpərvər kimi böyümələrində əvəzsiz rol oynayırlar. Bu gözəl məziyyətləri bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük.
Bu bayram günündə ən xoş arzularımı şəhid analarına, tərtərli ana və bacılarımıza ünvanlayıram, şəhid analarının qarşısında baş əyir, onların əllərindən öpürəm. Onlar vətənə olan sonsuz sevgilərini 44 günlük Vətən müharibəsinə igid oğullar yola salmaqla sübut etdilər. Vətənə məhəbbətini övlad məhəbbətindən də üstün tutdular.
Mən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən igidlərimizin xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, onların qız övladlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.
İnanıram ki, Azərbaycan qadını yenə də öz üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirəcək.
Bayramınız mübarək, əziz şəhid anaları!
Bayramınız mübarək, əziz tərtərli qadınlar!