Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin dəstəyi ilə Tərtərdə məktəb binası təmir ediləcək

08 fevral 2018 | 16:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Tərtər rayonunun Qaradağlı kənd tam orta məktəbinin binası təmir ediləcək.

Fevralın 8-də Tərtər rayon Gənclər Mərkəzində “Tərtər rayonunun Qaradağlı kəndində orta məktəbin təmiri” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Bildirib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində səhiyyə, sosial müdafiə, yoxsulluğun azaldılması, gəlirlərin yüksəldilməsi, infrastrukturla bağlı ümumi dəyəri 19 milyon 132 min 243 ABŞ dolları olan 224 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiya hökuməti indiyədək Tərtər rayonunda 2 layihə həyata keçirib və bu, artıq 3-cü layihədir.

Layihənin əsas məqsədi Tərtər rayonunun Qaradağlı kəndində orta məktəbin bir hissəsini təmir etməklə, kənddə təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır. Layihənin ümumi məbləği 90 min 909 ABŞ dollarıdır.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov rayon haqqında məlumat verib, həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.

Sonra səfir Teruyuki Katori və “Üçüncü Sektor” İctimai Birliyinin sədri Tamaşa Quliyeva layihə üzrə qrant müqaviləsini imzalayıblar.

Keçidlər