Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci il Tərtər rayonu üçün uğurlu olub

05 fevral 2018 | 16:00

2017-ci ildə Tərtər rayonunda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilib. Rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunub.

Bu barədə Tərtər rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2017-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və video-slayda baxıblar.

Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirilib ki, ötən il rayonda ümumdaxili məhsulun (ÜDM) həcmi 254,1 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 28,4 faiz çoxdur. Sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 377,5 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 10,3 faiz artaraq 61 milyon 908,1 min manata çatıb. Ötən ildə 119 milyon 181,9 min manatlıq əsas fondlar istifadəyə verilib, əsas kapitala 140 milyon 228,3 min manat investisiya yönəldilib. 2016-cı ilə nisbətən investisiyaların həcmi 80,5 faiz, tikinti-quraşdırma işlərinin həcmi 60,8 faiz artıb. Rayonda 1308-i daimi olmaqla, 5008 yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.

Hesabat ilində Tərtər şəhərində 42 ədəd çoxmənzilli bina əsaslı təmir edilib, tarix-diyarşünaslıq muzeyi, Bayandur kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 5 fərdi yaşayış evi tikilib istifadəyə verilib, Seydimli kənd tam orta məktəbi əsaslı təmir olunub. Hazırda Poladlı əsas məktəbinin tikintisi, Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin əsaslı təmiri davam etdirilir. 

Qeyd olunub ki, rayonda yolların təmiri və yenidən qurulması da diqqətdə saxlanılıb. Sarov kəndi ərazisində İncəçay çayı üzərində yeni körpü tikilib istifadəyə verilib, Tərtər-Seydimli-Qaradağlı-Sarov yolu yenidən qurulub. Tərtər şəhərinin 17 küçəsində  ümumi uzunluğu 8,6 kilometr olan yollara asfalt-beton örtük salınıb.

Ötən il rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi, Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə fərdi yaşayış evləri tikilib istifadəyə verilib. Şıxarx qəsəbəsi ərazisində “Marağa-150” abidəsi ətrafında abadlıq işləri başa çatdırılıb. Ekoloji tarazlığın qorunması məqsədilə rayon mərkəzində, kəndlərdə və yol kənarlarında, eləcə də meşə zolaqlarında 40 mindən çox müxtəlif ağac, 1 milyon 500 min həmişəyaşıl və 10 min gül kolu əkilib.

Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan bəhs olunarkən bildirilib ki, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2016-cı ildə rayonun müxtəlif kəndlərində qazılmış 15 ədəd subartezian quyusu 2017-ci ildə  istismara verilib, 7 yeni subartezian quyusu qazılıb.

Rayon üzrə 2017-ci ilin məhsulu üçün 26 min 36,4 hektar sahədə kənd təsərrüfatı bitkiləri becərilib. Onların 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 24,3 faizini texniki bitkilər, 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 31,8 faizini yem bitkiləri təşkil edib. 36 min 274,7 ton taxıl, 16 min 66,8 ton tərəvəz, 119,5 ton bostan məhsulları, 65 min 727,5 ton şəkər çuğunduru istehsal edilib.

Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3123 hektar sahədə pambıq becərilib, 8419,9 ton məhsul əldə edilib. Əvvəlki ilə nisbətən pambıq əkini 3 dəfə, məhsul istehsalı 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da keçən ilə nisbətən 4,5 sentner artaraq 27 sentnerə çatıb. Pambığın hektar üzrə məhsuldarlığına görə Tərtər  rayonu ölkə üzrə birinci olub.

İpəkqurdunun yem bazasını təmin etmək üçün son 2 ildə 124 min ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən keçən il 4610 kiloqram barama istehsal edilib.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və qarşıda duran vəzifələrdən danışılıb.

Bildirilib ki, 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmir edilməsi, Tərtər çayı sahilində 5 hektar ərazidə parkın tikintisinin davam etdirilməsi, bayraq muzeyinin, İcra hakimiyyəti üçün yeni inzibati binanın, Olimpiya İdman Kompleksinin, xalçaçılıq emalatxanasının, Tərtər su-kanal idarəsinin binasının, 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi,  Tərtər-Quzanlı magistral avtomobil yolunun, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri, 5 kəndin içməli su ilə təminatı layihəsinin icrası nəzərdə tutulub.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edib.

Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Tədbirdə rayon icra hakimiyyəti tərəfindən bir qrup sahibkara Fəxri Fərmanlar təqdim olunub.

Keçidlər