2 fevral-Gənclər Gününə həsr olunmuş tədbir keçirildi
Tərtər rayonunda 2 fevral-Gənclər Gününə həsr olunmuş umumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Tədbirin davamı rayon Mədəniyyət Mərkəzində olub.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir.
Müasir Azərbaycanın gənclər siyasəti Ümumilli liderin adı ilə bağlıdır. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütamadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq forumlar təşkil edildi.
Məhz I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov bildirdi ki, Tərtər rayonunun gəncləri dövlət başçısının Respublikanın gənclərinə göstərdiyi diqqət və qayğısına öz əməli işləri ilə cavab verirlər.
2017-ci il ərzində rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclər sahəsi üzrə 52, idman sahəsi üzrə 48 tədbir hazırlanıb həyata keçirilmişdir. Rayonumuzun gəncləri Gənclər və İdman Nazirliyinin dəvəti əsasında gənclər sahəsi üzrə 13, idman sahəsi üzrə 16 tədbirdə iştirak etmişlər.
“Şahinlər” hərbi idman oyunun rayon mərhələsi keçirilmiş, Sarov kənd komandası I yerə layiq görülərək Kürdəmir rayonunda keçirilən zona birinciliyinə vəsiqə qazanmışdır.
Bundan əlavə rayon ərazisində yerləşən “N”saylı hərbi hissədə “Şahin” hərbi idman oyunun zona mərhələsi keçirilmişdir.
Rayonumuzun idimançıları respublika yarışlarına və eyni zamanda beynəlxalq yarışlara da qatılmışlar. Gənc idimançılardan bos idman növü üzrə Bolqarıstanda keçirilən Avropa Çempionatında Tərtər boksçuları Cəbizadə Elşən İlyas oğlu 57 kq və Allahverdiyev Murad İlham oğlu 75 kq çəki dərəcəsində yığma komandanın tərkibində yarışa qatılmışlar. Allahverdiyev Murad İlham oğlu Moldova, Çexiya və erməni idimançılarına qalib gələrək finala qədər yüksəlib və bürünc medal qazanmışdır. Rayonumuzun digər idimançıları da zona və respublika yarışlarında yüksək nailiyyətlər əldə etmişlər.
Çıxışının sonunda E.Pənahov bir daha gəncləri bayram münasibəti ilə təbrik edərək, bildirdi ki, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyi ilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətə rədd edərək, arxalandığımız Möhtərəm cənab Prezident İlham Əliyevin göstərdiyi etimadı layiqincə doğruldacağıq.
Sonra gənclər adından Qaraağacı kənd tam orta məktəbin tarix müəllimi Rəşad Qarayev, Ağdərə şəhər körpələr evi-uşaq bağçasının müdiri Nigar Məmmədova, polis şöbəsinin ictimai təhlükəsizliyi bölməsinin polis sahə rəisi Bəxtiyar Əliyev, Kovdadıq kənd kitabxanasının müdiri Nigar Əlizadə, mərkəzi rayon xəstəxanasının tibb bacısı Çinarə Əlibəyli çıxış edərək öz ürək sözlərini bildirdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə bütün Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı
Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il təntənə ilə qeyd olunduğunu vurğulayan rayon rəhbəri ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından da danışdı.
Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayıb.
Rayonda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı bildirdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.