Seydimli kənd İƏD üzrə nümayəndə hesabat verdi
Seydimli kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva çıxış etdi. Qeyd etdi ki, 2017-ci il rayonumuz üçün çox uğurlu olmuşdur. İstər sosial-iqtisadi inkişaf sahəsində, istərsə də aqrar sahəsə yüksək nailiyyətlər əldə olunmuşdur. Tərtərlilər bu il 8419,9 ton pamblq, 65727,5 ton çuğundur, 4526,5 kloqram barama təhvil vermişlər. Rayonumuzun pambıqçıları hər hektardan 27 sentner məhsul əldə edərək, respublika üzrə ən yüksək göstərici əldə etmişlər. Məhz buna görə də respublika prezidenti ötən ilin noyabr ayının 28-də rayonumuzda olarkən Tərtər və tərtərlilərin əməyinə yüksək qiymət verərək tərtərlilərin iş təcrübəsini yaymaq üçün lazimi göstəriş vermişdir.
Möhtərəm Prezidentimiz tərtərlilərlə birgə tarix-diyraşünaslıq muzeyinin, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun, N saylı hərbi hissənin, 1170 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin açılışında iştirak etmişdir. Ölkə rəhbərinin diqqət və qayğısı tərtərliləri daha yaxşı işləməyə ruhlandırmışdır. Tərtərlilər rayon rəhbərinin “II dərəcəli Əmək ordeni” ilə təltif edilməsindən qürur duyurlar. Çünki bu bütün tərtərlilərin əməyinə verilən qiymətdir.
Sonra icra nümayəndəsi qeyd etdi ki, Seydimli kəndi ərazisində 680 təsərrüfat və 2739 nəfər təsərrüfat üzvü var. Kənddə 88 məcburi köçkün ailəsi məskunlaşıb.Məruzəçi Seydimli kəndində görülən işlərdən, kənd tam orta məktəbinin əsaslı təmirindən, Prezidentin Sərəncamı ilə əsaslı təmir olunan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolundan söhbət açmış, bildirmişdir ki, bu yol rayonun 20 yaşayış məntəqəsini birləşdirir.
N.Vəliyeva hesabat ilində 1400 metr kənddaxili və sahələrarası su arxlarının lildən təmizləndiyini, 1500 metr kənddaxili küçə və məhəllələrə çınqıl tökülərək təmir edildiyini qeyd etmişdir. Nümayəndə əhaliyə göstərilən kommunal xidmətlərdən də söhbət açmış, fasiləsiz içməli su, qaz, işıq təminatını dilə gətirmiş, kənd təsərrüfatı sahəsində əldə edilən uğurlardan danışmış, 2016-cı illə müqayisədə 2017-ci ildə bütün sahələrdə artım olduğunu vurğulamışdır.
Məruzəçi kənddə olan problemlərdən də danışmışdır. Qeyd olunmuşdur ki, kənddə elektrik xətlərinin və dirəklərinin yenisi ilə əvəz olunmasına, suvarma üçün 2 ədəd subartezian quyusunun qazılmasına, kəndarası yolların təmirinə ehtiyac var.
Məruzə ətrafında bələdiyyə sədri Mədinə İmanova, kənd tam orta məktəbin direktoru Nurəddin İbrahimov, kənd körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova, kənd ağsaqqalı Sayəddin Musayev və həkim məntəqəsinin müdiri Məlahət Hüseynova çıxış etmişlər.
Seydimli kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışmış, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.