Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kənd İƏD üzrə nümayəndə hesabat verdi

08 yanvar 2018 | 16:00

Qaradağlı kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd etdi ki, nümayəndəlik iki kəndi–Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1484 hektardır. Burada həmçinin 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşmışdır ki, onlar da 127 nəfər soydaşımızı özündə birləşdirir. Ərazidə bir tam orta məktəb, bir ümumi orta məktəb, 90 yerlik körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, 2 kitabxana, poçt-rabitə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, bir yanacaqdoldurma məntəqəsi, 4 bərbərxana və ticarət obyektləri də vardır.

Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir. 2017-ci ilin iyun ayında hər hektara 50 manat olmaqla 514 istehsalçıya cəmi 48139 manat kompensasiya verilmişdir.

Ərazidə əkinçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. 2017-ci ilin sonunda nümayəndəliyin təsərrüfatlarında 1340 baş iribuynuzlu mal-qara, 1958 baş qoyun keçi, 13480 baş ev quşları saxlanılıb.

Ötən il nümayəndəliyin ərazisində 400 nömrəlik Elektron Avtomat Telefon Stansiyası quraşdırılmışdır. Ancaq kənd sakinlərinin istəyi budur ki, kənddəki hər bir evə telefon xətti çəkilsin. Həmçinin camaatın çoxdan arzusunda olduğu işlərdən biri də kəndin qazlaşdırılması idi. Onların bu arzusu da çin oldu, evlərə mavi yanacaq verildi.  Kənddən keçən magistral asfalt yol əsaslı təmir olunmuş və xeyli genişləndirilmişdir.
Məruzəçi yaxşı işlərlə yanaşı nöqsanlardan da danışdı. Göstərdi ki, kənd mədəniyyət evinin, klubun əsaslı təmirə ciddi ehtiyacı var.

Məruzə ətrafında Qaradağlı Bələdiyyəsinin sədri Novruz İbrahimov, Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov, Təzəkənd kənd ümumi orta məktəbinin direktoru Azər Həsənov, kənd ağsaqqalı Bayram Orucov, həkim məntəqəsinin işçisi İradə Əliyeva, kənd sakini Pərviz Nəcəfov çıxış etdilər. Onlar cəbhə bölgəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, Prezidentin Sərəncamı ilə çəkilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir. Bu yolun çəkilişi kənd sakinlərinin becərdikləri məhsulun mənzilbaşına vaxtında və itkisiz çatdırılmasına şərait yaradır. Artıq kənd sakinlərinin qaz, su, işıq sarıdan çətinliyi yoxdur.

Çıxışçılar bəzi ehtiyacları da qeyd etdilər. Kənddə pul əməliyyatlarının aparılması üçün bankomatın, Təzəkənd kənd ümumi orta məktəbində telefon xəttinin olmamasından, kənd camaatının bələdiyyə vergilərini vaxtlı-vaxtında verməməsindən və digər məsələlərdən danışdılar.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edərək son bir ildə rayonun sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən və həyata keçirilən məqsədyönlü tədbirlərdən, Qaradağlı kənd İƏD üzrə nümayəndəliyin fəaliyyətindən, işdə yol verilən nöqsanlardan danışdı və qarşıda duran məsul vəzifələri şərh etdi.

Keçidlər