Şriftin ölçüsü :

Saytın rəngi :

Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

05 yanvar 2018 | 16:00

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 dekabr tarixli Sərəncamının icrası ilə bağlı müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Nazirliyin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırıb.

Qeyd olunub ki, hazırda respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində Vətən oğullarımız böyük həvəslə hərbi xidmətə yollanırlar. Xidmətini müvəffəqiyyətlə başa vuran gənclərimiz isə mənəvi və fiziki cəhətdən daha da möhkəmlənərək ordu sıralarından ehtiyata buraxılırlar.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov ehtiyata buraxılan gənclərə tərtərlilər adından uğurlar arzulayıb. Aprel döyüşlərinin şəhidi Nicat İsgəndərovun atası Bəhruz müəllim hər bir əsgərin timsalında oğlunu gördüyünü və onların tezliklə şəhidlərimizin intiqamını alacağına əminliyini bildirib.

Tərtər şəhər Cümə məscidi dini icmasının sədri Hacı Sadiq Vətən sevgisindən danışıb və ərazilərimizin müdafiəsində xüsusi fərqlənən oğulların mülki həyatda da Vətənə sədaqətlə xidmət edəcəklərinə inandığını deyib.

Birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidli artıq hərbi hissəyə gənc əsgərlərin gəldiyini və onların ehtiyata buraxılan hərbçilərin varislik estafetini ləyaqətlə davam etdirəcəklərini qeyd edib.

Vaxtilə hərbi hissədə tabor komandiri kimi xidmət etmiş müharibə veteranı Pənah Məmmədov Azərbaycan Ordusunun gücündən bütün xalqımız kimi, tərtərlilərin də böyük qürur duyduğunu vurğulayıb və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan edib.

Ehtiyata buraxılan hərbi qulluqçular adından əsgər Vaqif Qarayev silah, dəmir dəbilqə və zirehli gödəkçəsini estafet rəmzi olaraq gənc əsgər Xəyyam Quluzadəyə təqdim edib. Gənc əsgər bu estafeti şərəflə davam etdirəcəyinə və xalqımıza böyük qələbə sevincini yaşadacaqlarına and içib.

Əsgərlərə hədiyyələr və fəxri fərmanlar verildikdən sonra mərasim Tərtər rayon mədəniyyət işçilərinin mədəni-kütləvi proqramı ilə davam edib.

 

Keçidlər