Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yeni il şənliyi: Xoş gəldin, 2018!

28 dekabr 2017 | 16:00

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında bayram tədbiri keçirilib.  Tədbir iştirakçıları əvvəlcə meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Bayram tədbirində rayon ictimaiyyəti, əmək kollektivləri, gənclər, məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2017-ci ildə qazanılan uğurlardan, insanların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu gün Sizlərlə birgə ulu Öndərin adını daşıyan meydanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edirik. Noyabrın 28-də isə Möhtərəm Prezidentimiz Tərtərə səfər etdi, bizimlə birgə tarix-diyarşünaslıq muzeyinin, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun, N saylı hərbi hissənin açılışında iştirak etdi. Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə oldu. İctimaiyyət ilə görüşdə rayonumuz haqqında xoş sözlər dedi:

“...bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtər rayonu və tərtərlilər haqqında dediyi xoş sözlər bizi qürurlandırır, daha yaxşı işləməyə ruhlandırır. Özümüzü daha güvənli hiss edirik. Dövlətə və dövlətçiliyə olan inamımız daha da möhkəmlənir.

Tərtərlilər bu gün yeni əmək nailiyyətlərinə imza atırlar. Onların kənd təsərrüfatının inkişafına verdiyi töhfələr möhtərəm Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir.

“Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır. Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil. Ona görə də burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin. Mən bu tapşırığı verirəm. Düzdür, indi plan yoxdur, ancaq hədəf var. Çox şadam ki, Tərtər o hədəfə artıqlaması ilə çatdı. Tərtər hədəfi 25 faiz səviyyəsində üstələdi. Bu çox sevindirici haldır”.

Möhtərəm Prezidentimizin Sərəncamı ilə mənə verilən II dərəcəli “Əmək” ordeni bütün tərtərlilərin əməyinə verilən qiymətdir.

Respublika Prezidentinin Tərtərə və tərtərlilərə verdiyi belə yüksək bir qiymətdən sonra bu tədbirdə iştirak etməyə hər bir tərtərlinin haqqı var. Çünki istər müharibə dövründə, istərsə də atəşkəs zamanı rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərində Sizlərin hər birinin böyük zəhməti, əməyi vardır.

Rayon rəhbəri qeyd etdi ki, ötən il biz tərtərlilər üçün yaddaqalan olmuşdur. Rayonun makroiqtisadi göstəriciləri yüksəlmiş, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, sosial tərəqqiyə nail olunmuşdur. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istqamətində işlər sürətləndirilmişdir. Doğma Tərtərimiz dəyişmiş, inkişaf etmiş, gözəlləşmişdir. Yollar genişləndirilmişdir, səkilər yenidən qurulmuş, divarlar müxtəlif bəzək daşları ilə üzlənmişdir. Türkiyədən gətirilmiş gecə lampaları şəhərimizi çıraqban etmiş, ona füsünkar bir gözəllik bəxş etmişdir.  Bundan başqa 6 cəbhə xəttinə yaxın kəndlərimiz gecə işıqlandırması ilə təmin olunmuş, Qapanlı kəndinin yoluna asfalt salınmışdır. Yeni parklar, yolkənarı meşə zolaqları salınmış, minlərlə gül və bəzək kolları, dekorativ ağaclar əkilmiş, “Nümunəvi məhəllə”lər salınmışdır. İnsanların gündəlik sosial ehtiyacları su, işıq, qaz problemləri həll olunmuşdur.

Şəhərdə 48 ədəd çoxmərtəbəli yaşayış binasının fasad və giriş hissələri təmir olunaraq suvanmış və rənglənmiş, o cümlədən, dam örtükləri dəyişdirilmişdir. Bu işlərin görülməsi, əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə 100 nəfər Tərtər sakini işə götürülmüşdür.

Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır. Bu günlərdə şəhərin girişində Bayraq Muzeyinin inşasına başlanılmışdır.

2015-ci ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Bu işlər bu gün də uğurla davam etdirilir. Hazırda İsmayılbəyli, Qaraağacı, Yuxarı Sarıcalı, Yenikənd, Düyərli, Səhləbad, Əskipara, Buruc, Hacıqərvənd kəndlərində işlər başa çatmış, Seydimli və Cəmilli kəndlərində son tamamlanma işləri aparılır.

Sarov kəndi ərazisində İncə çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan körpünün tikintisi də  başa çatmışdır.

2017-ci ildə pambıqçılıq, baramaçılıq və şəkər çuğunduru istehsalında yüksək nailiyyətlər əldə olunmuşdur. Rayonumuzun gümçüləri 4 tondan çox barama istehsal etmişlər. 3123 hektar sahədən bu günədək 8400 ton pambıq, 1541 hektardan 66 min ton çuğundur toplanmışdır. Növbəti il üçün 6 ton barama istehsal etmək, 4000 hektara yaxın sahədə pambıq, 1500 hektara yaxın sahədə çuğundur əkini nəzərdə tutulmuşdur. Baramaçılığın inkişafı üçün ötən il 32000 ədəd, çəkil əkilmişdir, bu il isə 139000 ədəd tut tingi əkilməsi nəzərdə tutulmuşdur.

Qarşıda görüləcək işlərimiz çoxdur. Prezidentimizin dediyi kimi, Tərtər və tərtərlilər ön xəttdə möhkəm dayanıblar.

Bayram tədbirində 2017-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verildi.

Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız tədbir iştirakçılarına Yeni il arzularını çatdırdı, uşaqlarla birgə rəqs etdi. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaratdılar.
 

 

Keçidlər