Şriftin ölçüsü :

Saytın rəngi :

Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun rəhbərliyi Tərtər rayonuna səfər edib

21 dekabr 2017 | 16:00

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycana səfərə gələn Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun rəhbərliyi Tərtər rayonunda olub.

Fondun prezidenti Umud Mirzəyev, vitse-prezidenti Ramil Əzizov, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi və baş katibi Nidal Səlim, Macarıstanın Trinity Kornyez Təşkilatının direktoru Fulop Bence Azərbaycanın Tərtər rayonuna səfər ediblər. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Sərsəng Su Anbarının yerləşdiyi ərazi ilə vizual tanış olmaq, Tərtər və ətraf rayonlarda yaranan meliorasiya problemləri ilə maraqlanmaq və onların aradan qaldırılması, beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müzakirələr aparmaq idi.

Səfər çərçivəsində qonaqlar əvvəlcə Tərtər rayon ərazisindən keçən Tərtərçay çayı və Sərsəng Su Anbarının yerləşdiyi ərazi ilə vizual tanış oldular.

Tərtər rayonunda keçirilən görüşdə qonaqlara Sərsəng Su Anbarının yerləşdiyi coğrafi ərazi, bu su hövzəsinin region üçün əhəmiyyəti, texniki göstəriciləri, su tutumu barədə məlumatlar verildi.

Bundan başqa, qonaqlar ilin soyuq vaxtlarında anbardan suyun Tərtərçay çayı vasitəsilə axıdıldığının və rayonun əkin sahələrinə dəyən ziyanın şahidi oldular.

Daha sonra qonaqlar Tərtər rayonunun ərazisində ermənilər tərəfindən ucaldılmış ermənilərin Azərbaycanda məskunlaşmasının 150 illiyini qeyd edən abidə ilə tanış oldular. Qonaqlara abidə haqqında ətraflı məlumat verildi.

Qonaqlar bu məsələnin siyasi mahiyyət daşıdığını və bu məsələnin bütün müstəvilərdə müzakirəyə çıxarılmasının əhəmiyyətini vurğuladılar. Görüşdə, həmçinin regionun əkin sahələrinin suvarılması üçün alternativ su təchizatı məsələsi də müzakirə olundu.

Sonda qonaqlar Sərsəng Su Anbarı ilə bağlı məsələnin VIII Ümumdünya Su Forumunda müzakirəyə çıxarılacağını və məsələnin həlli üçün lazımi dəstəyin göstəriləcəyini bildirdilər.

Keçidlər