Şriftin ölçüsü :

Saytın rəngi :

Nubar Mədətlinin anadan olmasının 84-cü ildönümü qeyd olundu

04 noyabr 2017 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti hörmətli ziyalı, tədqiqatçı, folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin anadan olmasının 84 illiyi münasibətilə “Yeni Tərtər” qəzetinin redaksiyada tədbir keçirib.

Tədbiridə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət və Turizm  İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndəsi Gündüz Mürsəlov, Azad Qaraqoyunlu kənd İƏD üzrə icra nümayəndəsi Nazim Xəlilov və “Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi iştirak ediblər.

Nubar müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. O, gənclik enerjisi ilə çalışaraq vətəninə, xalqına, rayonuna, doğma kəndinə gərəkli olan bir insan kimi tanınıb. Topladığı folklor nümunələri, şeirləri və publisist yazıları oxucular tərəfindən maraqla qarşılanır.

Nubar müəllim ömrünün bir hissəsini yaşadığı Azad Qaraqoyunlu kəndində Azərbaycanın Milli Qəhrəman Elman Hüseynovun muzeyinin yaradılmasına həsr edib, həmçinin burada xeyli miqdarda qədim əşyaların toplanmasına nail olub. Bu yaxınlarda isə həmin muzeyin eksponatlarını könüllü olaraq rayonumuzda yeni tikilən tarix-diyarşünaslıq muzeyinə hədiyyə edib.

İcra başçısı rayonumuzun ictimai həyatında fəal iştirakına və anadan olmasının 84 illiyi münasibətilə Nubar Mədətliyə Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və pul mükafatını təqdim etdi.

Böyük qayğı və diqqətə görə öz təşəkkürünü bildirən qocaman müəllim, el ağbirçəyi Nubar Mədətli bildirdi ki, son illər ölkə başçısı İlham Əliyevin tapşırıqları əsasında Tərtər rayonunda görülən işləri əhali, o cümlədən rayonun yaşlı sakinləri tərəfindən böyük rəğbətlə qarşılayırlar. İndi Tərtərin təkcə rayon mərkəzi deyil, kəndləri də günbəgün gözəlləşir. Əhalinin istirahəti üçün lazımi şərait yaradılıb. Evlərə mavi yanacaq çəkilib, fasiləsiz elektrik enerjisi verilir, yeni subartezian quyuları qazılıb.

Vaxtilə çox əziyyət çəkmiş yaşlı nəslin nümayəndələri bugünkü güzəranlarına görə ölkə başçısından və rayon rəhbərindən razılıq edirlər.

Sonra “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Nubar Mədətlinin keçdiyi həyat yolundan, onun yerli qəzetlə olan sıx əlaqəsindən danışıb. O qeyd edib ki, qocaman mətbuat fədaisi bu gün də qələmini yerə qoymayıb və onun redaksiyaya göndərdiyi hər bir məqalə orijinallığı və mövzu aktuallığı ilə seçilir. Tofiq Yusif Nubar Mədətliyə “Yeni Tərtər” qəzetinin diplomunu təqdim edərək, ad günü münasibətilə onu kollektiv adından təbrik edib.

Tədbirdə iştirak edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Gündüz Mürsəlov Nubar Mədətlini canlı ensiklopediya adlandırıb. Bildirib ki, onun zəngin həyat təcrübəsi və biliyi gənclər üçün bir məktəbdir. Gündüz müəllim rəhbərlik etdiyi kollektiv adından Nubar müəllimə qiymətli hədiyyə bağışlayıb.

Bu unudulmaz ad günündə Nubar müəllimin ən böyük hədiyyəsi isə ətrafındakıların sevgi və ehtiramı oldu.

Keçidlər