Tərtərdə Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə adlı tədbir keçirildi
Tərtər rayon Gənclər Mərkəzində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə işçilərinin, müəllimlərin, şagirdlərin, rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizəyə həsr olunmuş tədbir keçirildi.
Rayon polis şöbəsinin rəisi Rauf Məcidov narkomaniyanın cəmiyyətimizə vurduğu ağır zərbələrdən, erkən nikahın zərərindən, dini radikalizmin təhlükəsindən bəhs edən geniş və dolğun məruzə söylədi və sonda belə bir fikir ifadə etdi ki, bu bəlaların aradan qaldırılması üçün cəmiyyət üzvlərinin vətənpərvərlik ruhu yüksəldilməlidir. Valideyn evdə, müəllim məktəbdə, idarə və müəsissə müdirləri iş yerlərində yeniyetmə və gənclərə olduqca diqqətli yanaşmalı, onların pis vərdişlərə alüdəçiliyinin qarşısını vaxtında almalıdırlar.
Rayon prokuroru Şıxəli Alməmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi İslam Məmmədov, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəis müavini Kənan Xuduyev, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Anar Hüseynov, xidmət üzrə rəis müavini Əfqan Qurbanov, həkim-narkoloq Rima Axundova, Tərtər Cümə məscidinin imamı Hacı Sadiq və rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev müzakirə edilən mövzuların aktuallığını qeyd edərək, bu sahədə maarifləndirmə işlərinin vacibliyini bildrdilər.
Qeyd olundu ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, zəiflikdən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
Keçirilən tədbirin də əsas məqsədi bu idi: gəncləri ayıltmaq, onlara narkomanların acı taleyindən məlumat vermək. Sonda göstərilən videoçarx bir daha bu ağrılı mövzuya toxunaraq, hər kəsə, həm uşaqlara, həm də böyüklərə diqqətli olmağın vacibliyini xatırlatdı.