Qazyan kəndində səyyar qəbul-görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qazyan kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd ağsaqqalı Çərkəz Həsənov çıxış edərək bildirdi ki, kənd əhalisi fasiləsiz olaraq işıq və qazla təmin olunur, əkin sahələrinin suvarmaq üçün şərait yaradılır. Ağsaqqal kənd əhalisinə göstərilən diqqət və qayğıya, Qazyan kənd ümumi orta məktəbin direktoru Yaşar Behbudov isə məktəblərinin əsaslı təmirinə görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Sakinlərdən İlya Əliyev, Əbdüləli Nəcəfov, Faiq Quliyev həyətyanı sahələrin suvarılması üçün subartezian quyusunun qazılması, kəndarası yolların təmir olunması və digər məsələlərlə bağlı müraciət etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu istiqamətdə görülən işlərdən danışdı, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.