Ali məktəbə qəbul olan gənclərlə görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini böyük ehtiramla yad etmişlər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir.
Rayon Təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etmiş, gənclərə daha yüksək zirvələr fəth etməyi arzulamışdır.
İcra başçısı vurğulamışdır ki, “Təhsil millətin gələcəyidir”, -deyən Ümummilli Lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, Respublika Prezidenti cənab İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına böyük önəm verir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması bunun bariz nümunəsidir. Sonra icra başçısı rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq, bu il ali təhsil ocaqlarına sənəd verən 332 nəfərdən 215 nəfərinin ali (onlardan 180 nəfəri bu ilki, 35 nəfər isə əvvəlki illərin məzunlarıdır), 65 nəfərinin isə orta ixtisas məktəblərinə daxil olduğunu demişdir. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 3 nəfəri şəhər 1 saylı, 2 nəfəri şəhər 5 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri 2 saylı, 1 nəfəri Cəmilli, 1 nəfər Köçərli, 1 nəfəri isə Sarov kənd tam orta məktəbinin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (44 nəfər), şəhər 2 saylı (10 nəfər) Azad Qaraqoyunlu (11 nəfər) Sarov (10 nəfər), kənd tam orta məktəbləri fərqlənmişlər.
6 nəfər C.Naxçıvaniski adına hərbi liseyə daxil olmuşdur.
Təəssüflər olsun ki, 2016-2017-ci dərs ilində Səhləbad, Əskipara, İsmayılbəyli, Borsunlu kənd tam orta məktəblərindən bir nəfər ali məktəbə qəbul olunmamışdır. Adıçəkilən məktəblərin direktorları bundan nəticə çıxarmalı, rəhbərlik etdikləri məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirməlidirlər.
Qeyd olunmuşdur ki, respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Hazırda Respublika Prezidentinin Sərəncamı ilə şəhər 6 saylı tam və Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri aparılır. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblərin tikintisi başa çatmaq üzrədir. Seydimli kənd tam orta məktəbi üçün əlavə korpusun tikintisi başa çatmış, Mamırlı kənd tam orta məktəbinin idman zalında isə təmir bərpa işləri aparılır. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, ildən-ilə təhsildə uğurlar artır.
Sonra şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, Cəmilli kənd tam orta məktəbini qızıl medalla bitirmiş 659 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş Cümşüd Qurbanov, Sarov kənd tam orta məktəbinin məzunu (641 bal) Pərvanə Süleymanlı, Sarov kənd tam orta məktəbinin məzunu Mətanət Mehdilinin valideyni Səxavət Baxşalıyev çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etmişlər.
Tədbirdə iştirak edən Tərtər rayonundan Milli Məclisə deputat seçilmiş Sahib Alıyev, Milli Məclisin İqtisadi-Siyasət-Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev də çıxış edərək gəncləri təbrik etmiş, onlara öz tövsiyələrini vermişlər.
Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir daha gəncləri təbrik edərək onlara təhsildə və həyatda uğurlar qazanmağı dilədi. gənclərə harada olmalarından aslı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.
Tədbirin sonunda 600 və 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatları, YAP rayon təşkilatı, Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr, Fəxri fərmanlar və pul mükafatları verildi.