Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunun Qarabağ müharibəsi veteranları fəxri döyüş növbəsində

06 sentyabr 2017 | 16:00

Qurban bayramı münasibətilə Silahlı Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirlərindən birində Qarabağ müharibəsi veteranlarından bir qrupu Müdafiə Nazirliyinin rəhbərliyinə ön səngərə - döyüş mövqeyinə gedərək şəxsi heyətlə görüşmək, gənc əsgərlərlə birlikdə döyüş növbəsinə çıxmaq arzularını bildiriblər.

Veteranların bu təşəbbüsünün şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edəcəyini nəzərə alan Müdafiə naziri yerindəcə aidiyyəti üzrə tapşırıqlar vermiş və veteranların istəklərinin tezliklə reallaşacağını bildirmişdir.

Artıq keçmiş döyüşçülərdən bir qrupu Tərtər şəhər Heydər Əliyev Parkından düşmənlə üzbəüz döyüş mövqelərinə yola salınmışlar.

Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevlə başlanan müstəqil respublikamızın ordu quruculuğu prosesi bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü qoruyan güclü və qüdrətli Silahlı Qüvvələrimiz vardır. Azərbaycan Ordusunun uğur və nailiyyətləri bütün xalqımız kimi tərtərliləri də sevindirir, hər bir rayon sakini ordumuza arxalanır, ona güvənir. Etibarlı şəkildə müdafiə olunan rayonun bərəkətli torpaqlarında əkin-biçinin geniş vüsət alması, kənd təsərrüfatının dinamik inkişafı məhz ölkə başçısının apardığı məqsədyönlü daxili və xarici siyasətin, eləcə də, ordumuzun gücü sayəsində mümkün olmuşdur.

Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin mütəmadi olaraq cəbhəboyu zonaya gəlişləri, hərbi qulluqçularla yanaşı rayon sakinləri ilə görüşləri həm ordunun şəxsi heyətinin, həm də yerli əhalinin işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamlarını daha da artırır. Ordu ilə xalqın birliyi daha da möhkəmlənir. Gənclərin vətənpərvərlik tərbiyəsi, orduya hazırlanması rayonda prioritet məsələlərdəndir.

Ehtiyatda olan mayor Pənah Məmmədov çıxış edərək deyib: “Uzun illərdən sonra yenidən hərbi libas geyinməyimiz hər birimiz üçün qürurvericidir. Yaxşı bilirik ki, güclü ordumuz var, onun igid döyüşçüləri var. Biz Azərbaycan əsgərinin nəyə qadir olduğunu aprel döyüşləri zamanı bir daha gördük. Həmin günlərdə bütün tərtərlilər də ayaq üstə idi. Hamı döyüşə can atırdı. Ancaq ehtiyac olmadığını bildirdilər. Bu gün də bizə ehtiyac yoxdur. Ancaq biz bu gün fəxri döyüş növbəsinə gedirik. Vətən müdafiəçiləri ilə görüşəcək, keçdiyimiz döyüş yolu barədə söhbət açacaq, onlara mənəvi dayaq olacağıq. Nə qədər gec deyil, qoy düşmən işğal etdiyi ərazilərdən qeyd-şərtsiz rədd olub getsin. Yoxsa aprel döyüşləri yenidən təkrarlanacaqsa, bu dəfə vuracağımız zərbə daha sarsıdıcı, daha dağıdıcı olacaq. Döyüşlərdən çıxmış, böyük təcrübə toplamış biz veteranlar da Azərbaycan əsgərinin yanında olacağıq.”

Polkovnik Abdulla Qurbani “Əsgər oğul, ürəyini aç mənə” aksiyası çərçivəsində Tərtər veteranlarının hər bir əsgərlə fərdi söhbət aparacaqlarını, onların problem və qayğıları ilə yerindəcə tanış olacaqlarını, döyüşlərdə qazandıqları təcrübədən bəhrələnmələri üçün gənc zabitlərlə məşğələlər təşkil edəcəklərini və fəxri döyüş növbəsi çəkəcəklərini nəzərə çatdırıb.

Veteranlar əsgərlər üçün Tərtər bağlarından dərilmiş xeyli meyvə sovqatları da aparıblar.

Döyüş mövqelərində veteranlar səmimiyyətlə qarşılanıb. Onları müşayiət edən A.Qurbani keçmiş döyüşçüləri şəxsi heyətə təqdim edib. Onların 90-cı illərin əvvəllərində Ağdərə və Tərtər rayonları uğrunda göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açılıb. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Tərtər qəhrəmanlarına həsr olunmuş “Batalyon” sənədli filmi nümayiş etdirilib. Əsgərlərin sualları cavablandırılıb. Polkovnik-leytenant Babək Səmidli bu cür görüşlərin davamlı olacağına əminliyini bildirib.

Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon filialının sədri Suliddin Yusifov, keçmiş döyüşçülərdən Mətləb Manafov, Elbrus Sadıqov, Elman Quliyev, Rövşən Məmmədov, Vüqar Quliyev və başqalarının çıxışları şəxsi heyətin böyük marağına səbəb olub.

Veteranlar aprel döyüşləri zamanı azad edilmiş yüksəkliklərə qalxaraq xidmət şəraiti ilə tanış olub,  düşmən mövqelərini müşahidə edib, əsgərlərə məsləhətlər verib, düşmən təxribatlarının qarşısını qətiyyətlə alan şəxsi heyətin peşəkarlığının və döyüş ruhunun yüksək səviyyədə olduğundan böyük fərəh hissi keçirdiklərini bildirib, fəxri döyüş növbəsində hər bir gəncə örnək olacaq xidmət nümayiş etdiriblər.

 

Keçidlər