Tərtərdə Qurban bayramı münasibəti ilə tədbir keçirildi
Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edilir. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon əhalisini müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, onlara can sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı. Sonra Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov qurban kəsiləcək heyvanlara dua oxudu, dini ənənələrə uyğun olaraq qurban mərasimi başladı.
Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, ümumilikdə 7500 ailəyə qurban payı verildi. Rayon ərazisində yerləşən hərbi hissələr də unudulmadı. Hərbi hissələrə də qurban payı göndərildi.
Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildirdilər.