Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Torpaqların Elektron Kadastr Uçotu informasiya Sisteminə başlanılıb

30 avqust 2017 | 16:00

Torpaqların Elektron Kadastr Uçotu informasiya Sisteminə Tərtər rayonunda start verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı avqustun 30-da Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional işgüzar forum keçirilib. Tədbirdə komitənin, rayon icra hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması, habelə bu işlərin Tərtər rayonunda başlanılması ilə bağlı təqdimatla çıxış edib. Prezident İlham Əliyevin torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı verdiyi 2016-cı il 7 mart tarixli Fərmanından bəhs olunub.

Bildirilib ki, fərmandan irəli gələn tapşırıqların icrası ilə əlaqədar ƏMDK tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Həmin fərmanın rayonda da icrası ilə əlaqədar cari ildə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Artıq respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırda ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. Bu il 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır. On dörd kənd rayonunda kadastr işlərinə 1 milyon hektara yaxın ərazi, 700 minə yaxın torpaq parseli cəlb ediləcək. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət və keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınması, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi işi yeni mərhələyə keçəcək. Müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq. Layihə çərçivəsində torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldıracaq. Hər bir torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək. Bununla da vətəndaş məmnunluğu təmin ediləcək. Sistem, eyni zamanda, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına səbəb olacaq.

Torpaq uçotu işlərinin yekununda kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədilə layihələndirmə işlərinin aparılması üçün imkanlar yaradılacaq. Tərtər rayonunda torpaq uçotu işlərinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulur.

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bununla bağlı komitə ilə “Azərkosmos” arasında Anlaşma Memorandumu imzalanıb.

Müzakirə şəraitində davam edən tədbirdə bir sıra məsələlərlə bağlı suallar cavablandırılıb.

Keçidlər