Yuxarı Qaradağlı kəndində səyyar qəbul-görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qaradağlı kəndində növbəti səyyar qəbul-görüşü oldu.
Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva sakinlərin rahat yaşadığını, işıq, qaz sarıdan korluq çəkmədiklərini bildirərək, əhaliyə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Sakinlərdən İlham Cabbarov torpaq islahatı ilə bağlı, Məzahir Həsənov kənddə uşaq bağçasının açılması, Cəlal Rəhimov subartezian quyusunun bərpası, Səidə Aslanova əlil olan qızının evinin təmiri, Arif Mustafayev pay torpağının suvarılması, Əvəz Hüseynov ona həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, bildirdi ki, görülən işlərin hamısı əhalinin firavan yaşamasına xidmət edir.
Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.