26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonu ərazisində yerləşən hərbi hissələrdə tədbirlər keçirilmişdir
26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirilmişdir.
Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, Qarabağ Regional Bilik evinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirlərdə əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general polkovnik Zakir Həsənovun təbrik məktubunu oxumuşlar.
Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamış, bildirilmişdir ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. 1-5 aprel döyüşləri bir daha sübut etdi ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdik. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan digər ərazilərimizdə də dalğalanacaqdır. Cocuq Mərcanlıdan başlanan qayıdış Qarabağ torpaqlarına böyük qayıdışla başa çatacaqdır.
Rayon rəhbəri ötən il Respublika Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezdent Mehriban xanım Əliyeva ilə rayonumuza iki dəfə səfər etməsinin-aprel hadisələrindən dərhal sonra may ayında rayonumuzda olarkən hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsinin, 200 metrlik təmas xəttində əhali ilə görüşərək dağılmış evlərə baxmasının, dekabr ayındakı səfərində isə dağılmış evlərin bərpadan sonrakı vəziyyəti ilə tanış olmasının, sosial obyektlərin açılışında iştirak etməsinin orduda və əhalidə yüksək əhval ruhiyyə yaratdığını, onları qələbəyə daha da ruhlandırdığını bildirmişdir.
Bayram tədbirlərində N saylı hərbi hissənin komandirləri Saqi Babayev, Vüqar Şıxlinski, Vüsal Əzizov, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov, Qarabağ veteranları Elburus Sadıqov, Nəriman Sadıqov və başqaları da çıxış edərək bildirmişlər ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordusudur və işğal altında olan torpaqlarımızı hər zaman azad etməyə qadirdir.
Sonra Qarabağ Müharibəsi veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Ruslan Quliyevə və N saylı hərbi hissənin komandiri Vüsal Əliyevə “Vətən naminə” medalı təqdim olunmuşdur.
Sonda rayon icra hakimiyyəti tərəfindən bir qrup hərbi xidmətdə fərqlənən əsgər və zabitə Fəxri Fərmanlar, qiymətli hədiyyələr, Qarabağ Regional Bilik evi tərəfindən isə stolüstü idman oyunları və kitablar hədiyyə olundu.
Tədbirlər konsert proqramı ilə başa çatdı.