Qaradağlı kəndində səyyar qəbul-görüş
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaradağlı kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd sakini Həqiqət Əliyeva sakinlərin rahat yaşadığını, işıq, qaz sarıdan korluq çəkmədiklərini bildirərək, əhaliyyə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Sakinlərdən Bayram Orucov, Kəmaləddin Orucov, Mehman Qaçayev, Nizami Quliyev, Eldəniz Ələsgərov suvarma arxlarının təmizlənməsi, içməli su üçün subartezian quyusunun qazılması, kəndin içərisində Qaramannı arxı üzərində olan körpünün təmir olunması və digər məsələlərlə bağlı müraciət etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, bildirdi ki, görülən işlərin hamısı əhalinin firavan yaşamasına xidmət edir.
Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.