Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) Yuxarı Qarabağ regional mərkəzi yaradılıb.

10 iyun 2017 | 16:00

Regional mərkəzin Tərtərdə keçirilən iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İctimai Birliyin yaranma zərurəti və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yaradılan və 2016-cı ilin mart ayından fəaliyyətə başlayan Regional İnkişaf İctimai Birliyi ölkənin sosial-iqtisadi və mədəni inkişafına dəstək verən layihələr həyata keçirir, təşkilatın nümayəndələri kənd və qəsəbələrdə əhali ilə görüşərək bölgələrdə müxtəlif sahələrdə mövcud olan problemləri birbaşa mənbədən öyrənir, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq, dialoq şəraitində həlli üzrə fəaliyyət göstərir. RİİB-in başlıca vəzifəsinin regionlarda ictimai nəzarəti həyata keçirmək olduğunu deyən Anar Ələkbərov təşkilatın işinin hazırda bütün dövlət strukturları tərəfindən dəstəkləndiyini də qeyd edib. Onun sözlərinə görə, müxtəlif qurumlar RİİB-in səlahiyyətləri və vəzifələri barədə ətraflı məlumatlıdır, vətəndaşlardan daxil olan müraciətlərin həlli üzrə ictimai birliklə əməkdaşlıq edirlər.
Anar Ələkbərov RİİB-in bu günədək reallaşan layihələrində gənclərin fəal olduğunu diqqətə çəkərək, Tərtər rayonunun gənclərini də İctimai Biriyin fəaliyyətinə qoşulmağa, hər bir kəsi həlli vacib məsələlər barədə məlumatları, rayon üçün əhəmiyyətli olan təşəbbüsləri RİİB-ə yönləndirməyə çağırıb.
Ötən müddət ərzində görülən işlər barədə məlumat verən İctimai Birliyin sədri Məhəmməd Abdullayev bu günədək RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala və Gəncə-Qazax regionlarında nümayəndəliklərinin yaradıldığını qeyd edib. Təşkilatın Yuxarı Qarabağ regionu üzrə fəaliyyəti Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını əhatə edəcək, RİİB nümayəndələri isə Tərtər şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcəklər.
Qeyd olunub ki, fəaliyyətə başladığı gündən İctimai Birliyə regionlardan 2 mindən çox müraciət daxil olub və onların əksəriyyəti öz həllini tapıb.
Müraciətlərlə bağlı zəruri məlumatların toplanması, eləcə də RİİB-in regionlarda həyata keçirdiyi layihələrə dəstəyin göstərilməsində könüllülərin rolu böyükdür. Hazırda RİİB-in bölgələrdə 200-dən çox fəal könüllüsü var.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov rayonlarda vətəndaşlarla birbaşa görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, sakinlərin təklifləri və fikirləri nəzərə alınaraq həyata keçirilən işlər daha vacib və məqsədəuyğundur. Eyni zamanda gənclərin təşəbbüskarlığı RİİB-in layihələrinin uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
RİİB nümayəndələri ilə görüşdə çıxış edən rayon sakinləri Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mütəmadi olaraq cəbhəyanı rayonlarda olduğunu, o cümlədən 2016-cı ildə Tərtərin Qapanlı kəndində sakinlərlə görüşdüyünü, Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində dağılmış yaşayış evlərində olduğunu, bu evlərin tezliklə bərpasına göstəriş verməsi barədə danışdılar. Bildirdilər ki, cəbhəyanı sakinlərin gündəlik problemlərinin dövlət başçısının daim diqqət mərkəzində olması tərtərliləri ölkənin həyatında həmişə aktiv iştiraka ruhlandırır.
Sakinlər, həmçinin rayon üçün vacib olan təklif və müraciətlərlə çıxış ediblər. Rayonda təsərrüfat sahələrinin suvarılması probleminin aradan qaldırılması üçün texniki su ilə təchizatın, gənclərin asudə vaxtının təşkili, o cümlədən rayonda idman bazalarının, elektron kitabxananın yaradılması, intellektual yarışlara maraq göstərənlərə dəstək verilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Heydər Əliyev Fondunun Tərtər rayonunda bu günədək bir sıra layihələr həyata keçirdiyini, o cümlədən Fondun təşəbbüsü ilə Sarıcalı və Düyərli kəndlərində orta məktəblərin, uşaq bağçası və körpələr evinin, şahmat məktəbinin inşa olunduğunu xatırladan Anar Ələkbərov görüşdə qaldırılan məsələlərin həllinə RİİB çərçivəsində çalışılacağını deyib. Fondun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu"na bu il regionlardan da vətəndaşların qoşulduğunu deyən Anar Ələkbərov gələcəkdə belə idman yarışlarının bölgələrdə də təşkil ediləcəyini bildirib.
Daha sonra RİİB nümayəndələri Tərtərin Seydimli və Sarıcalı, Bərdə rayonunun Yeni Daşkənd, Goranboy rayonunun Rəhimli kəndlərində, Ağdam rayonunun Quzanlı, Ağcabədi rayonunun Hindarx qəsəbələrində sakinlərlə və İctimai Birliyə qoşulan yeni könüllülərlə görüşüblər, Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə inşa olunan Yuxarı Sarıcalı kənd tam orta məktəbində, eləcə də Tərtər rayon uşaq musiqi məktəbində olub, təhsil müəssisələrinin hazırkı durumu və ehtiyacları ilə maraqlanıblar.

Keçidlər