Növbəti səyyar-qəbul görüş rayonun Zolgəran kəndində keçirilib
Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Zolgəran kəndində keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Ədalət Abbasov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərdən Mayıl Hümbətov çıxış edərək respublika prezidenti cənab İlham Əliyevə kənd əhalisinə göstərilən diqqət və qayğıya, 11 yaşayış məntəqəsini birləşdirən, Tərtər çayı üzərində Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilmiş körpünün əhalinin istifadəsinə verilməsinə görə öz minnətdarlığını biildirmiş, kənddaxili yolların asfaltlanması təklifini irəli sürmüşdür. Zolgəran kənd sakinlərindən Zahid Dəmirov, Vaqif Abbasov, Havaxanım Ağayeva, Royal Həsənov, Firdovsi Hüseynov, Sarıcalı kənd sakinləri Zülfiyyə Səfərova, Rabil Ağayev rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmiş, kənddə körpələr evi-uşaq bağçası və tibb məntəqəsi üçün yeni binanın tikintisinə, suvarma suyu ilə əlaqədar baş arxların lildən təmizlənməsinə, yeni qazılan artezianın tez zamanda işə salınmasına ehtiyac olduğunu bildirmişlər.
Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra rayon rəhbəri nümayəndələrlə birlikdə zona təcrübə stansiyasının əkin-təcrübə sahələrində və fermer təsərrüfatlarında əkilmiş pambıq sahələrinə, yeni salınmış tut tingliyinə, taxıl və noxud sahələrinə baxış keçirmiş, həmin sahələrdə çalışan kənd əməkçiləri ilə söhbət aparmış, onların problemlərini dinləmiş və yerindəcə həll etmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.