İngiltərənin “Janes” jurnalının foto muxbiri Tərtər rayonunda səfərdə olub
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan İngiltərənin “Janes” jurnalının foto muxbiri Georg Maderlə Tərtər İcra Hakimiyyətində görüş olub.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqa Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, taxıl zəmilərinə, ümumilikdə əkin sahələrinə, mal-qaraya, o cümlədən əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan vurması, dinc sakinlər arasında xəsarətalma və hətta ölüm hallarına səbəb olması barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, ötən ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. Mülki şəxslərdən 3 nəfər dünyasını dəyişib, 9 nəfər isə yaralanıb. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Tək 26-28- aprel 2016-cı il tarixlərdə erməni hərbi birləşmələri tərəfindən rayonun Əskipara kəndinin ərazisinə atılmış, Beynəlxalq Konvensiyalarla qadağan olunmuş ağ fosforlu top mərmisinin zərərsizləşdirilməsi nəticəsində 13 istehsalçıya məxsus 3,01 hektar pambıq, 20,01 hektar buğda, 6,20 hektar arpa, 8,42 hektar yonca, ümumilikdə 37,64 hektar sahəyə tüstünün yayılması nəticəsində zərər dəyib.
Bildirildi ki, ermənilərin təxribatı bununla bitmir. İşğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir, nəticədə 31500 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.
Sonra qonaq Tərtər şəhərində yeni tikilib istifadəyə verilmiş uşaq-gənclər şahmat məktəbinin foyesində “Rəşadətli Azərbaycan Ordusu” adlı fotostentə baxıb, erməni artireliyasının atəşi nəticəsində dağılmış evlərin bərpadan sonrakı vəziyyəti ilə tanış olaraq, vətəndaşlarla görüşüb, sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində və Şıxarx qəsəbəsində olub.