Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Tərtər rayon təşkilatının IX konfransı keçirildi

24 may 2017 | 16:00

Sıralarında 700 minədək insanı birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) 25 ildir ki, ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir. Azərbaycanın bugünkü sosial, iqtisadi və siyasi inkişafında əldə olunan uğurlarda partiyanın xüsusi rolu vardır.
Bu fikir YAP Tərtər rayon təşkilatının mayın 24-də keçirilən IX konfransında səsləndirilib. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra konfrans iştirakçıları “Tərtər bu günü”, Yeni Azərbaycan Partiyası tərəfindən konfranslararası keçirilən tədbirlərin fotostendlərinə baxdılar.
Təşkilatın sədri Ramiz Şabanovun hesabat məruzəsində qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, 83 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP Tərtər təşkilatının hazırda 6034 nəfər üzvü var. Partiya üzvlərinin 53 faizini qadınlar, 23 faizini gənclər təşkil edir. Əvvəlki konfransdan keçən müddət ərzində YAP sıralarına 1328 nəfər üzv qəbul edilib. Rayon təşkilatı ötən dövr ərzində ölkənin, o cümlədən rayonun ictimai-siyasi, iqtisadi-mədəni həyatında gedən proseslərin fəal iştirakçısı olub. Təşkilatın və onun fəal üzvlərinin ölkəmizdə gedən sürətli inkişafda fəal iştirakları dövlətimiz və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, konfranslararası dövrdə 9 nəfər “Tərəqqi”, 4 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3 nəfər “Əməkdar müəllim”, 1 nəfər isə “Əməkdar tibb işçisi” adına layiq görülüb.
Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun sədri Adil Huseynovun hesabatı dinlənilib.
YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfransda çıxış edərək partiyanın keçdiyi yoldan, ulu öndər Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan danışıblar.
Konfransda təşkilati məsələlərə də baxılıb. Ramiz Şabanov yenidən YAP Tərtər rayon təşkilatının sədri, Həcər Xeyri nəzarət-təftiş qrupunun sədri, həmçinin təşkilatın 13 nəfərdən ibarət idarə heyyətinin üzvləri, 31 nəfərdən ibarət Şurasının üzvləri və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov da iştirak edib.

Keçidlər