Heydər Əliyev 94: Silsilə tədbirlər keçirildi
Mayın 10-da Tərtər rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirildi. Minlərlə tərtərli rayonun mərkəzi meydanına gələrək Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, ulu öndərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdirdilər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoydu. İcra başçısının ardınca anım mərasimində ulu öndər Heydər Əliyevin abidəsini rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, minlərlə sadə tərtərli Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevi hörmətlə anaraq abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər.
Sonra tədbir Tərtər Rayon Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoyduqdan sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Tədbir Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafında davam etdirildi. Öncə Umummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
çıxış edərək bildirdi ki, Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş itti¬faq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.
Ulu öndərin ilk dəfə hakimiyyətə gəlişi ilə əlaqədar olaraq Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranmışdır. Həmin illərdə rayon 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan sənayesini dirçəldən bir rayona çevrilmişdir. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət olan bir qəsəbə salınmış, 30-40 mənzilli evlərdən ibarət 8, beşmərtəbəli yaşayış binası tikilmiş, əhalinin mənzilə olan təlabatını ödəmək üçün 2300 nəfərə həyatyanı torpaq sahəsi verilmişdir. Bundan başqa rayonda 2000 nəfərə yaxın işçi qüvvəsi olan Tərtər Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıq Təmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan konserv zavodu, süd emalı zavodu, yol-tikinti materialları istehsal edən zavod, Sərsəng su anbarı məhz Heydər Əliyevin dövründə tikilmişdir. Ulu öndər həmin dövrdə bütün regionlarda, o cümlədən, Tərtər rayonunda da dəfələrlə olmuş, sakinlərlə görüşmüş, rayonun inkişafı ilə yaxından tanış olmuşdur. Bu gün də rayonun yaşlı sakinləri o unudulmaz tarixi günləri xoş xatirələrlə yad edirlər.
Sonra rayon rəhbəri ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanın regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibinə çevrildiyini qeyd etmişdir. Bildirmişdir ki, Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycan həmişə yenilməz, qalib, müzəffər olacaq. Bu inamı bizdə yaradan səbəb isə ulu öndərimizin əmanəti olan müstəqil Azərbaycanın sükanı arxasında Heydər Əliyevin irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin dayanmasıdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verildi. Ulu Öndərin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərdə-inşa yazı müsabiqəsində, şahmat birinciliyində, gənclərin intellektual yarışında fərqlənən bir qrup məktəbliyə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, Gənclər və İdman İdarəsi və Təhsil şöbəsi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olundu.
Tədbirdən sonra Tərtər-Goranboy, Tərtər-Bərdə, Tərtər-Ağdam avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospekti və mərkəzi küçələrində, çoxmənzilli yaşayış binaların həyətlərində, kənd yaşayış məntəqələrində rayon icra hakimiyyətinin təşkilatçılığı və rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin fəal iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi aksiyada 5000-dən çox eldar şamı, çinar, qovaq, söyüd, zeytun və digər yerli iqlimə uyğun ağac tingləri, 6500 gül kolu, 5000-dən çox müxtəlif növ dekarativ çiçəklər əkildi.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi, əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.
Tədbir axşam saatlarında Heydər Parkında Ulu Öndərin 94-cü ildönümünə həsr olunmuş konsert proqramı ilə davam etdiriləcək.