Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

30 mart 2017 | 16:00

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı Tərtər rayonunda uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Fərdi yaşayış evlərindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.

Bu münasibət ilə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Toplantını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin müdiri Emil Məmmədov açıb. Sonra Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov, şəhid ailəsi, ev sahibi Ruqiyyə Ağayeva çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin nailiyyətlərindən danışıb, bu siyasətin ilk növbədə ölkə vətəndaşlarının sosial firavanlığının təminatına xidmət etdiyini vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev bildirib ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncamın icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ildə 82 ədədi fərdi yaşayış evi olan 281 ədəd, 2016-cı ildə 170 ədədi fərdi yaşayış evi olan 288 ədəd, ümumilikdə isə 2015-2016-cı illərdə 570 ədədə yaxın  mənzil  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin davamı kimi, 2015-2016-cı illərdə bu rayonda yeni çoxmənzilli yaşayış evi və fərdi yaşayış evləri istifadəyə verilməklə 60 nəfərədək bu təbəqələrdən olan insan mənzillə təmin olunub. Hazırda isə rayonda daha 5 fərdi yaşayış evi müvafiq şəxslərin istifadəsinə verilir. Qarşıdakı dövrdə də bu sahədə işlər davam etdiriləcəkdir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mənzilə köçən  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ürək sözlərini  bildirərək, onlara yeni mənzillərində xoş günlər keçirməyi arzulayıb. Bildirib ki, rayonda 252 şəhid ailəsi, 331 nəfər isə Qarabağ əlili vardır. Bunlardan 26 nəfər I qrup, 268 nəfər II qrup, 37 nəfər isə III qrupdur. 120 nəfər  Qarabağ əlilinə, Çernobl əlilinə və Böyük vətən müharibəsi əlilinə avtomobil verilib.

Qeyd olunub ki rayonumuzda bu günədək 1 ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd iki mərtəbəli hər biri 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 25 fərdi yaşayış evi tikilib şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə paylanıb. Bu gün isə 5 fərdi evin açılışı olub.

Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının yaradıcılıqla inkişaf etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsi olan Tərtər rayonuna göstərdiyi qayğının xüsusi təzahürüdür.

Açılış mərasimində yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri əhalinin sosial təminatının gücləndirilməsi, sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması sahəsində Azərbaycanda aparılan dövlət siyasətindən razılıq hissi ilə bəhs ediblər. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının artırılması, yaşayış şəraitlərinin yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlərə və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı fərdi yaşayış evlərinə baxış olub.
 

Keçidlər