Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissədə Novruz şənliyi

14 mart 2017 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə rayonun ərazisində yerləşən N saylı hərbi hissədə Novruz şənliyi keçirmişdir. Tədbirə rayonun hüquq-mühafizə orqanları, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin işçi heyəti, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, ərazidə yerləşən məktəblərin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri də qatılmışlar.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər, sonra dövlət himni səslənmişdir. Öncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini salamlamış, onları xalqımızın milli bayramı olan Novruz münasibəti ilə təbrik etmiş, xidmətdə uğurlar arzulamış, tezliklə novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda çatılmasını diləmişdir.  Rayon rəhbəri müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırmışdır. O, öz çıxışında respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq  dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir. Qeyd etmişdir ki, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür. Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhraman tərtərlilər düşmənə bir qarış da torpaq verməmişlər.

Sonra  N saylı hərbi hissənin komandiri və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülərlə kommunikasiya üzrə baş meniceri Əfsun Qurbanov da çıxış edərək hərbçiləri bayram münasibəti ilə təbrik etmişlər.

Rayon rəhbəri qonaqlar və hərbçilərlə birlikdə bayram tonqalını yandırmış, hamı birlikdə tonqal ətrafında yallı getmiş, bayram tədbiri gözəl musiqi nömrələri, kəndirbazların rəqsi ilə davam etmişdir.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən hərbçilərə Fəxri Fərmanlar, qiymətli hədiyyələr bayram sovqatları təqdim olunmuşdur.

Tədbirdən sonra hamı əsgərlərlə birlikdə bayram süfrəsi arxasına əyləşmişdir.

 

Keçidlər