Tərtərdə əhalinin növbəti tibbi müayinəsinə başlanıldı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 1-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılmış və qrafik hazırlanmışdır. Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır. O cümlədən xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Müayinələr əsasən həkim terapevt, endokrinoloq, oftomoloq, nevropatoloq, stomotoloq, kardioloq, ginekoloq tərəfindən həyata keçirilir. Bundan başqa diabetik xəstələr üçün qan təhlili müayinələri də aparılır. İlk gündə 636 nəfər sakin tibbi müayinədən keçib.
Ümumilikdə, tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 58366 nəfərin keçməsi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında olmuş, tibb işçiləri və müayinəyə gələnlərlə görüşmüşdür.
Respublika Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığını cəbhə bölgəsində yaşayan tərtərlilər minnətdarlıqla qarşılamışlar və dövlət başçısına öz təşəkkürlərini bildirmişlər.