Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə tədbir keçirildi

13 fevral 2017 | 16:00

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoydular.

Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğurunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilmiş videoçarx nümayiş etdirildi.

İlk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verildi. Rayon rəhbəri əvvəlcə tədbir iştirakçılarını 13 fevral Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.

Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd etdi. Bildirdi ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərrarilik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağrılmasının təşkili sahəsində uğurlar əldə olunub. Qələbə sevincini bizə yaşadan aprel döyüşləri bunu bir daha sübut etdi. Sübut etdi ki, Ali Baş Komandan-Ordu-Xalq birliyi möhkəmdir. 2000 hektar ərazimiz işğaldan azad edildi. Bu gün Lələtəpədə, Talış yüksəkliyində Azərbaycan bayrağı dalğalanır.


Qeyd olundu ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan  sonra respublika prezidentinin öz xanımı ilə birgə rayonumuza səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi rayonumuzun sakinlərinin əhval ruhiyyəsini, ölkə rəhbərinə-Ali Baş Komandana inamını daha da artırmışdır. Tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının şahidi olmuş, bir daha əmin olmuşlar ki, Ali Baş Komandan öz dediyi kimi hər bir vətəndaşın prezidentidir.

Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün prezidentin ehtiyat fondundan 3 milyon manat pul ayırmışdır.  

Dekabr ayının əvvəlində isə Ali Baş Komandan öz xanımı ilə birgə yenidən rayonumuzda olmuş, erməni təxribatçılarının atəşi nəticəsində dağılmış evlərin bərpadan sonrakı vəziyyəti ilə tanış olmuş, Tərtərə içməli su xəttinin çəkilişinin, rayonun Sarıcalı və Zolgəran kəndləri arasında Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün, uşaq-gənclər şahmat məktəbinin, YAP Tərtər Rayon Təşkilatının inzibati binasının, 100 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etdi. Tərtər və tərtərlilər, rayonun sosial-iqtisadi inkişafı haqqında xoş sözlər dedi: “...Keçən dəfə biz may ayında görüşdük. Mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada- döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.

İcra başçısı qeyd etdi ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bizim bölgənin gənclərində həbri vətənpərvərlik tərbiyəsi, vətənə sevgi daha güclüdür. Çünki bu gənclər top-tüfəng sədaları altında böyüyüblər. Sonra o, hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı rayonumuzda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birlikdə keçirilən “Ordu gəncləri böyük qüvvədir”, “Nümunəvi xidmətə görə sağ ol”, “Hər anımız Vətən deyir”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram” adlı tədbirlərdən də söhbət açaraq çağırışçı gənclərin hərbi xidmətə yola salınması, ordudan təxris olunanların qarşılanma mərasimlərində gənclərin vətənə sevgisinin, coşqunun bir daha şahidi olunduğunu bildirdi.

Ümumtəhsil məktəblərinin şagirdləri, gənclərin, rayon ictimaiyyətinin nümayəndələrinin “Açıq qapı” günlərində, bayramlarda hərbi hissələrdə əsgərlərə yaradılan şəraitlə yaxından tanış olduqları qeyd edildi. Bildirildi ki, bu gün Azərbaycan əsgəri qələbə müjdəli, qorxmaz, ayıq-sayıq, xalqın güvənc yeridir.

Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Ruslan Quluyev xidmətin 5 il ərzində keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, 5 il ərzində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, cəmiyyətin gözləntilərini doğrultmuşdur.

Tədbirdə aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, Qarabağ müharibəsi veteranı Bayram İbrahimov, Umudlu kənd tam orta məktəbin hərbi rəhbəri Rəhman Paşayev də öz ürək sözlərini bildirdilər. Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə bir qrup şəxs Dövlət Xidməti və rayon icra hakimiyyəti tərəfindən təltif olundu.

Keçidlər