Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilir

23 yanvar 2017 | 16:00

Yanvarın 23-də rayonun Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirildi. Əvvəlcə Hacıqərvənd kənd İƏD-üzrə nümayəndə Vəli Əliyev ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, nümayəndəliyin ərazisi 1271 hektar, yerli əhalinin sayı 2891 nəfərdir. Ailə təsərrüfatlarının sayı 696-dır. Ərazidə 62 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb. Bu ailələr 247 nəfəri əhatə edir.

Kənddə 624 yerlik tam orta məktəb, 75 yerlik körpələr evi-uşaq bağçası,  həkim məntəqəsi, mədəniyyət evi,  klub, kitabxana,  poçt-rabitə şöbəsi,  müasir tipli elektron avtomat telefon stansiyası fəaliyyət göstərir.

Ərazidə 960 hektar əkin sahəsi var. Bunun 480 hektarı payızlıq əkinlərdir.

Kənddə əkinçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. İribuynuzlu mal-qaranın sayı 2770 baş, xırdabuynuzlular isə 10 min 300 başdır.

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri Tərtər rayonunda, eləcədə Hacıqərvənd kəndin də öz əksini tapır. Kəndə mavi qaz yanacağının verilməsi işi ötən il tamamilə başa çatıb. İndi elektrik təsərrüfatının yenidən qurulması işinə başlanmışdır. 4 ədəd 160-ın 6-ya, 2 ədəd 400-ün 6-ya, ümumilikdə, 6 ədəd müasir tipli “TM” markalı güc transformatoru quraşdırılmış, dörd ədəd transformatorun 270 ədəd dayaqları dəmir dayaqlarla, naqillər SİP kabellərlə əvəz olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ötən il 2 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Avtomat telefon nömrələrinin sayı 240-dan 340-a çatdırılmışdır. Kəndarası yollara çınqıl-qırma daş verilərək hamarlanmışdır. Hazırda Hacıqərvənd kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılır.

Məruzə ətrafında Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmallədin Heydərov, Hacıqərvənd kənd tam orta məktəbinin direktor əvəzi Vaqif Əsgərov, kənd ağsaqqalı Əli Əliyev, tibb məntəqəsinin həkimi Məhəbbət Həsənova, icma sədri Mehman Mehdiyev, sakinilərdən Şüşən Alışova, Sədaqət Əkbərova, Fidan Quliyeva çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açdılar.

Nümayəndəliyin illik hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak etdi. O öz çıxışında respublika prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsi olan rayonumuza göstərdiyi diqqət və qayğıdan, hesabat ilinin may ayında aprel hadisələrindən dərhal sonra xanımı ilə birgə rayonumuza gəlişindən, ön cəbhədə hərbi hissələrdə əsgər və zabitlərlə görüşündən, erməni təxribatçıları tərəfindən dağıdılmış evlərə baş çəkməsindən, özünün və xanımının həyatını riskə ataraq düşmənin 200 metrliyində Qapanlı kəndində sakinlərlə görüşündən, bu səfərdən dərhal sonra müharibənin vurduğu zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılmasından danışaraq, dekabr ayında ölkə rəhbərinin yenidən rayonumuza səfər zamanı sosial obyektlərin açılışında iştirak etməsini, bərpa olunmuş evlərdə olmasını, Tərtərdə görülən tikinti-abadlıq işlərindən razı qalmasını dilə gətirmişdir. Möhtərəm Prezidentimiz demişdir: “Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir”

Ölkə rəhbərinin sözləri tərtərliləri daha yaxşı işləməyə və ölkə rəhbərinin ətrafında daha sıx birləşməyə ruhlandırır. Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər