Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yeni il şənliyi: Xoş gəldin, 2017!

28 dekabr 2016 | 16:00
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib.  Tədbir iştirakçıları əvvəlcə meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Bayram tədbirində rayon ictimaiyyəti, əmək kollektivləri, gənclər, məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2016-cı ildə qazanılan uğurlardan, insanların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu gün Sizlərlə birgə ulu Öndərin adını daşıyan meydanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edirik. Dekabrın əvvəlində isə bu meydanda Sizinlə birgə Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladıq. Möhtərəm Prezidentimiz və onun xanımı bizimlə birgə rayonumuza içməli su xəttinin, şahmat məktəbinin, YAP rayon təşkilatının inzibatı binasının, 100 yerlik uşaq bağçasının, Sarıcalı kəndində Tərtər çayı üzərində salınmış yeni körpünün, “N” saylı hərbi hissənin açılışında iştirak etdi, rayon ictimaiyyəti ilə görüşdü, aprel hadisələrində dağılmış evlərin təmiri ilə maraqlandı, Xasay İbrahimovun evində ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında əyləşdi. Bütün bunlar biz tərtərlilərə göstərilən diqqət və qayğının təcəssümüdür.

Rayon ictimaiyyəti ilə görüşdə Möhtərəm Prezidentimizin rayon haqqında dediyi xoş sözlər diqqətə çatdırıldı: “Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtı ilə qəbul etdiyimiz Regionların sosial iqtisadi inkişaf Proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam. Bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdi, rayon inkişaf edir, vətəndaşlar daha yaxşı yaşayırlar...”

Rayon rəhbəri qeyd etdi ki, Ötən il biz tərtərlilər üçün yaddaqalan olmuşdur. Rayonun makroiqtisadi göstəriciləri yüksəlmiş, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, sosial tərəqqiyə nail olunmuşdur. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istqamətində işlər sürətləndirilmişdir. Doğma Tərtərimiz dəyişmiş, inkişaf etmiş, gözəlləşmişdir. Yollar genişləndirilmişdir, səkilər yenidən qurulmuş, divarlar müxtəlif bəzək daşları ilə üzlənmişdir. Türkiyədən gətirilmiş gecə lampaları şəhərimizi çıraqban etmiş, ona füsünkar bir gözəllik bəxş etmişdir.  Bundan başqa 6 cəbhə xəttinə yaxın kəndlərimiz gecə işıqlandırması ilə təmin olunmuş, Qapanlı kəndinin yoluna asfalt salınmışdır. Yeni parklar, yolkənarı meşə zolaqları salınmış, minlərlə gül və bəzək kolları, dekorativ ağaclar əkilmiş, “Nümunəvi məhəllə”lər salınmışdır. İnsanların gündəlik sosial ehtiyacları su, işıq, qaz problemləri həll olunmuşdur.

  Tərtər şəhərinin E.Hüseynov, Nizami, Xətai küçələrində ümumi uzunluğu 15 kilometrə yaxın yeni bardiyorlar düzülmüş, işıqlanma sistemi qurulmuş, yaşıllıqlar salınmış, kommunikasiya xətləri qaydaya salınmışdır. H.Əliyev prospekti, Nizami, E.Hüseynov, Ş.Qurbanov, R.Mürsəlov, V.Hüseynov, F.Qulami, Xətai, H.Aslanov, M.Hüseynzadə, V.Orucov, M.Mahmudov, E.Səfərov, S.Məmmədov, F.Əmirov, V.Həsənov, S.Vurğun, R.Kərimov, T.Rəhimov, küçələri başdan-başa afaltlanmışdır. Hazırda digər küçələrdə asfalt örtüyünün qoyulması üçün hazırlıq iləri aparılır.

Elektrik naqilləri SİP kabellə əvəz olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun və “Azərbaycan Bayrağı” ordenli M.Mahmudovun adına olan küçələrdə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində onların barelyefi quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq işləri aparılmış və həmin küçələrin girişində də tezliklə baralyeflər qoyulacaqdır.

Şəhərdə 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad və giriş hissələri təmir olunaraq suvanmış və rənglənmiş, 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuşdur. Bu işlərin görülməsi, əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə 100 nəfər Tərtər sakini işə götürülmüşdür.

Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır.

2015-ci ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Bu işlər bu gün də uğurla davam etdirilir.

Hazırda Sarov kəndi ərazisində İncə çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan körpünün tikintisi davam etdirilir. Tarix-diyarşünaslıq muzeyində son tamamlanma işləri aparılır. 640 şagird yerlik 6 saylı tam orta, 120 şagird yerlik Qazyan kənd ümumi orta və Seydimli kənd tam orta məktəbinin əlavə korpusunda əsaslı təmir işləri aparılır. Tezliklə məcburi köçkünlər üçün yeni qəsəbə salınacaqdır.

Rayonumuzda qazlaşması nəzərdə tutulmuş 51 yaşayış məntəqəsindən 43-ü qazlaşdırılmışdır.

Ötən il pambıqçılıq, baramaçılıq sahəsində də nailiyyətlər əldə olunmuşdur. Rayonumuzun gümçüləri 1 ton barama istehsal etmişlər. 1035 hektar sahədən bu günədək 2333 ton pambıq toplanmışdır. Növbəti il üçün 3 ton barama istehsal etmək, 3000 hektar sahədə pambıq, 2000 hektar sahədə çuğundur əkini nəzərdə tutulmuşdur. Baramaçılığın inkişafı üçün 31357 ədəd çəkil əkilmişdir.

Qarşıda görüləcək işlərimiz çoxdur. Prezidentimizin dediyi kimi, indi Siz burada düşmənlə üz-üzə ön cəbhədə nəinki yaşayırsınız, yaradırsınız, qurursunuz və əminsiniz ki, Azərbaycan dövləti Azərbaycan ordusu Sizin təhlükəsizliyinizi təmin edir.

Çıxışının sonunda rayon rəhbəri  bütün Azərbaycan xalqını 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara xoş ovqat, can sağlığı, arzularınızın gerçəkləşməsini dilədi.

Bayram tədbirində 2016-cı ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verildi.

Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız tədbir iştirakçılarına Yeni il arzularını çatdırdı, uşaqlarla birgə rəqs etdi. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaratdılar.

 

Keçidlər