Seydimli kəndinə təbii qaz verildi
Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Seydimli kəndi də əlavə olunub.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Seydimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə əvəzi Nərmin Vəliyeva tədbiri açaraq tədbir iştirakçılarına kənd haqqında məlumat verib. Bildirib ki, 2733 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28656 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 43-ü təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində də qaz çəkilişi işləri davam etdirilir.
Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, dövlətimiz tərəfindən regionların inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Kənd sakinlərindən Sayəddin Musayev, Nurəddin İbrahimov, Sürəyya Hüseynova, Vahid Musayev regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq, kəndlərinin təbii qazla təmin olunmasına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək, kənd ağsaqqalları və qonaqların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb və kənd sakini Vahid Musayevin fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak edib.