Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tərtərdə vətəndaşlarla görüşüb
Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tərtər şəhərində vətəndaşlarla görüşüb.
Əvvəlcə nazir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra nazir Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.