Şriftin ölçüsü :

Saytın rəngi :

"Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə çərçivəsində Tərtər ictimaiyyəti ilə görüş keçirilib

08 noyabr 2016 | 16:00

Azərbaycan Yazarlar Klubu İctimai Birliyinin sədri Elçin Hüseynbəylinin həyata keçirdiyi  "Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə çərçivəsində növbəti görüş Tərtər rayon ictimaiyyəti ilə oldu.

Tərtər rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə millət vəkili, yazıçı Aqil Abbas, yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin baş redaktoru Yunus Oğuz və şair Əbülfət Mədətoğlu iştirak etdilər. Əvvəlcə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova bu kimi görüşlərin mühüm əhəmiyyət daşıdığını dedi. Bildirdi ki, müxtəlif formatlarda təşkil edilən belə görüşlər sərhədyanı rayonların əhalisi arasında böyük ruh yüksəkliyi yaradır, xüsusilə gənc nəsildə vətənpərvərlik hissini artırır. Daha sonra tərtərlilər adından çıxış edən ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev qonaqlara rayon ictimaiyyəti adından təşəkkürünü bildirdi. O, qeyd etdi ki, tərtərlilər hər zaman yüksək ruh yüksəliyinə malikdir və bu fakt özünü aprel döyüşlərində bir daha göstərdi. Daha sonra layihə rəhbəri Elçin Hüseynbəyli çıxış etdi. Bildirdi  ki, layihənin məqsədi şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüş keçirməkdir. Qeyd edib ki, yazıçılar da dövlətimizə, ordumuza, cəbhə bölgələrində yaşayan insanlarımıza dəstək vermək üçün belə səfərlərdən istifadə etmək qərarına gəliblər.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas qeyd etdi ki, yazıçısından, hərbçisindən tutmuş ən sadə vətəndaşına qədər bütün ölkə əhalisi həmişə dövlətin yanında olub. Məhz bu amil imkan verir ki, dövlətimiz beynəlxalq alımdə öz prinspial mövqeyini nümayiş etdirə bilsin:"Biz də öz qələmimizlə Vətənə, dövlətə xidmət edirik. O, əmin olduğunu bildirib ki, Azərbaycanın itirilmiş torpaqları nəyin bahasına olursa-olsun işğaldan azad ediləcək. Sonda şair Əbülfət Mədətoğlu Qarabağla bağlı yazdığı şerlərini səsləndirib.
Qeyd edək ki, Elçin Hüseynbəylinin həyata keçirdiyi "Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.

Keçidlər