Azad Qaraqoyunlu kəndində vətəndaşların müraciətləri dinlənilib
Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Azad Qaraqoyunlu kəndində keçirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərdən Mikayıl İmanov, Əvəz Əliyev, Fuad Məmmədov, Əli Abbasov, Hümbət Qurbanov, Novruz Rəhimov və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasından, kəndlərinə qazın verilməsindən, sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmiş, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, suvarma suyu üçün əlavə subartezian quyularının qazılmasına, Azad Qaraqoyunlu kənd tam orta məktəbinin əsaslı təmir olunmasına ehtiyac olduğunu bildirmişlər.
Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Sahib Alıyev sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləmiş, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirmişlər.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.