Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda açıq dərs keçirildi
Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 15 sentyabr “Bilik Günü” münasibəti ilə “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda x-xı sinif şagirdlərinin və rayon gənclərinin iştirakı ilə “açıq dərs” keçirildi.
“Bilik Fondu”nun rayondakı nümayəndəsi, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əhmədova tədbiri açaraq qonaqları təqdim etdi. Sonra məruzəçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Yadigar Məmmədli çıxış edərək Azərbaycandakı multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri barədə danışdı, Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib məqam Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasını qeyd etdi.
Dərs diskussiya formasında, interaktiv şəkildə davam etdi. Y.Məmmədli məktəblilərin suallarını cavablandırdı.
Gənclər belə dərslərin rayonumuzda tez-tez keçirilməsi arzusunda olduqlarını bildirdilər.