Təhsil işçilərinin sentyabr konfransı keçirildi
Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. S.Mirzəyev “2015-2016-cı dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
Məruzəçi ötən tədris ilində görülən işləri ətraflı təhlil edərək, qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, rayon məktəbliləri 2015-2016-cı tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Bu il ali məktəblərə iş verən 350 nəfər məzundan 193 nəfər ali, 84 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar. 7 nəfər 600-dən, 19 nəfər 500-dən yuxarı bal toplamış, 5 nəfər ali hərbi məktəbə, 3 nəfər isə C.Naxçıvanski adına liseyə daxil olmuşdur. 600-dən yuxarı bal toplayan 7 nəfərin 2-si Qaradağlı, hərəsindən 1 nəfər isə Sarov, Buruc, Köçərli, Xoruzlu, Gülabatlı kənd tam orta məktəbin məzunlarıdır.
Məruzə ətrafında Köçərli kənd tam orta məktəbin direktoru Nizami Hüseynov, Ələsgərli kənd tam orta məktəbin məzunu Vəfa Əlizadə, şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, 632 bal toplamış Nərmin Qasımovanın valdeyini Almaz Qasımova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, Zolgəran kənd tam orta məktəbinin gənc müəllimi Şəhanə İmanzadə çıxış etdilər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşı Şükür Qəribov çıxış edərək təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması və müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan söhbət açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.
Tədbirdə “Ən yaxşı umumtəhsil məktəbi” müsabiqəsində birinci yeri qazanmış şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edildi.
Tədbirin sonunda bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.