Tələbə adı qazanmış gənclərlə görüş keçirildi
Avqustun 30-da ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə rayon Mədəniyyət Mərkəzində görüş keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbirdə Tərtər rayonundan Milli Məclisə deputat seçilmiş Sahib Alıyev, Milli Məclisin İqtisadi Siyasət-Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev də iştirak etmişlər.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımız uğurunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tələbə adını qazanmış gəncləri təbrik edərək, bildirmişdir ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9387 nəfər şagirdin təlim-tərbiyyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Bunu rayonumuzun müəllimlərinin timsalında da aydın görürük. Təhsil işçilərimizdən 7 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Ötən il şəhər 1 saylı tam orta məktəb “Ən yaxşı umumtəhsil məktəbi” müsabiqəsində birinci yeri qazanıb.
Surxay Mirzəyev bildirmişdir ki, bu il 669 nəfər məzun adını almışdır. Onlardan 350 nəfər ali məktəblərə sənəd vermişdir. 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olmuşdur. 7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamış, 3 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Şöbə müdiri təhsilə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirmişdi.
Sonra Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Ələsgərov, Sarov kənd tam orta məktəbin direktoru Zərifə Şirinova, valdeyinlərdən Vəfa Quliyeva, Gündüz Mürsəlov, Mübariz Yunisov çıxış edərək yenicə tələbə adını almış gəncləri təbrik etmişlər. Köçərli kənd tam orta məktəbinin məzunu Leyla Yunisli, Sarov kənd tam orta məktəbin məzunu Nərmin Rzazadə, Buruc kənd tam orta məktəbin məzunu Ceyhun Əliyev, Qaradağlı kənd tam orta məktəbin məzunu Nərmin Qədimli, Xoruzlu kənd tam orta məktəbin məzunu Sevinc Mürsəlli öz ürək sözlərini bildirmişlər.
Sonra Milli Məclisin deputatları Sahib Alıyev, Ağalar Vəliyev təbrikə qoşularaq gənclərə öz tövsiyələrini vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələri təbrik edərək onlara təhsildə uğurlar dilədi. Gənclərə harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.
Tədbirin sonunda 600 və 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatları, YAP rayon təşkilatı, təhsil şöbəsi, Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr, Fəxri Fərmanlar və pul mükafatları verildi.