Tərtərdə aprel döyüşlərində dağılmış evlərin bərpası ilə yanaşı tikinti, abadlıq-quruculuq işləri də sürətlə davam edir
Aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra respublika prezidentinin öz həyatını riskə ataraq xanımı ilə birgə Tərtər rayonuna səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi sakinlərin əhval ruhiyyəsini, ölkə rəhbərinə-Ali Baş Komandana inamını daha da artırmış, tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının şahidi olmuş, əmin olmuşlar ki, Ali Baş Komandan öz dediyi kimi hər bir vətəndaşın prezidentidir.
Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün prezidentin ehtiyat fondundan 3 milyon manat pul ayırmışdır.
Erməni silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə atılan ağır artilleriya atəşləri nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, işıq, qaz, su və rabitə təsərrüfatına ziyan dəymiş, 3 nəfər dünyasını dəyişmişdir ki, onlardan ikisi məcburi köçkündür. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 51 ev dağılmış, nəticədə 198 nəfər evsiz qalmışdır. Xeyli sayda mal-qara və toyuq-cücə tələf olmuşdur.
Möhtərəm prezidentimizin diqqət və qayğısı sayəsində zərər çəkmiş yaşayış evlərinin təmir-bərpası işlərinə başlanılmışdır. Ağır dərəcədə zərər çəkmiş 27 yaşayış evindən 20-də təmir-bərpa işləri başa çatdırılmışdır. Qalanlarında isə hazırda işlər davam etdirilir. Məcburi köçkünlərin yaşadığı 51 yaşayış evinin təmir-bərpası Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Qismən zərər çəkmiş yaşayış evinə dəymiş zərərin aradan qaldırılması məqsədi ilə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən mal-material verilmişdir.
Tərtər şəhərində düşmənin artilleriya atəşi nəticəsində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektrik, qaz xətləri yenidən çəkilib, divarlar ağlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib.
Müharibənin vurduğu ziyanın aradan qaldırılması ilə yanaşı rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, Tərtər tanınmaz dərəcədə gözəlləşmişdir.
Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. Ev növbəsində olan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri tikilir. Artıq həmin evlərin 4-ü istifadəyə verilmiş, 6-da isə işlər davam etdirilir.
Tərtər şəhərində yeni tikilən 100 yerlik yeni uşaq bağçasında, müasir tələblərə cavab verən yeni şahmat məktəbində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında son tamamlama işləri aparılır. YAP Tərtər Rayon Təşkilatı üçün yeni tikilmiş inzibati bina mebel və avadanlıqlarla təchiz olunmuşdur.
Hazırda rayon tarix-diyarşünaslıq muzeyinin tikintisinə başlanılmışdır.
Şəhərin M.Hüseynzadə, Ə.Paşayev, Nizami, Q.Məmmədov küçələrində 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad və giriş hissələrində təmir işləri aparılmış, Ə.Paşayev, Q.Məmmədov küçələrində 8 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslübunda yenidən vurulmuşdur. H.Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metri SİP kabellə yeraltı çəkilmiş, ərazidə olan köhnə işıq dirəkləri ləğv edilmişdir.
Gənclər Mərkəzinin və Təhsil şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmiş və gecə işıqlanması sistemi ilə təchiz edilmişdir. YAP-ın inzibati binasının, Mədəniyyət evinin, Şahmat məktəbinin və rayon icra hakimiyyətinin inzibati binasının fasad hissələri gecə işıqlanma sistemi ilə təchiz edilmişdir.
H.Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri aqlay daşı ilə üzlənmiş, pəncərələri dəyişdirilmiş, binanın fasadı gecə işıqlanması sistemi ilə təchiz edilmişdir.
Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Park ərazisindən keçən Buruc arxı 300 metr məsafədə beton kanal şəklinə salınmışdır.
Tərtər şəhərinin Nizami və Ə.Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllərdə 2 ədəd müasir yaşıl örtüklü kiçik idman meydançaları tikilib istifadəyə verilmişdir.
Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun və “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adını daşıyan yeni küçələrdə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun və Mehrac Mahmudovun baralyefləri quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və “Azərbaycan Bayrağı” ordenli həmyerlimiz İlqar Həsənovun adları verilmiş yeni küçələrdə də abadlıq işləri başa çatmaq üzrədir. Yaxın vaxtlarda həmin küçələrin də açılışı olacaq.
2015-ci ilin iyun ayından uzun illərdən bəri problem olaraq qalan Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Hazırda işlər sürətlə davam etdirilir.
Qəhrəman tərtərlilər həm müharibədə, həm də əmək cəbhəsində rayonun qəhrəmanlıq salnaməsini yazırlar.