Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul-görüşlər keçirilir, problemlər yerindəcə həll olunur

15 iyul 2016 | 16:00

Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Sarov kəndində keçirilmişdir.  Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, Sarov kənd İƏD üzrə nümayəndəlik Sarov, Rəcəbli, Kovdadıq, Umudlu, Bildirçinli kəndləri olmaqla beş kəndi əhatə edir. 527 təsərrüfatı, 1411 hektar ərazisi olan nümayəndəlikdə 2088 nəfər əhali yaşayır. Kənddə 32 məcburi köçkün ailəsində 102 nəfər məskunlaşmışdır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə bir tam orta, bir əsas məktəb, bir ibtidai məktəb, tibb məntəqəsi,  klub, kitabxana, EATS, poçt şöbəsi, iyirmi iki ticarət və iaşə obyekti fəaliyyət göstərir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərdən Rəhbər Şirinov, Əbülfət Kərimov, Mehman Səfərov, Qəzənfər Qurbanov, Elman Süleymanov və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektirik enerjisi ilə təmin olunmasından, Sarov kəndinə qazın verilməsindən, kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmiş, kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, suvarma suyu üçün əlavə subartezian quyularının qazılmasına  ehtiyac olduğunu bildirmişlər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər