Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Tərtər rayonunda səfərdə olub
Qonaqları əvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayaraq, onlara rayonda görülən işlər barədə məlumat verib. Rayon rəhbəri bildirib ki, Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata keçirdiyi layihələr daim diqqət mərkəzində olub. Cəmiyyətin maariflənməsi istiqamətində Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən icra başçısı qurumun yerli nümayəndəsinin rayonda mütamadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə çatdırıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rayonun təhsil, mədəniyyət obyektlərində, yeni tikilmiş şahmat məktəbində, Tərtər Cümə məscidində olub, ermənilərin Qarabağa köçməsinin 150 illiyi münasibəti ilə inşa etdikləri “Marağa-150” abidəsinin qalıqlarına baxış keçirib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Bölgələrdə hər sahədə geniş islahatlar aparıldığını xatırladan O.Səmədov Bilik Fondunun missiyasının ölkədə gedən sürətli inkişaf barədə həm yerli, həm də dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaq olduğunu deyib.
Sonra O.Səmədov rayon ərazisində yerləşən N saylı hərbi hissədə olub, əsgərlərlə görüşüb, hərbi hissəyə kitablar hədiyyə edib.