Tərtərli gənclər həqiqi hərbi xidmətə yola salındı
İyulun 13-də rayonumuzda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər parkında təntənəli mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinə həsir olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev mərkəzinin önündə davam etmişdir.
Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
Sonra Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və hüquq mühafizə veteranları təşkilatının sədri İman Almuradov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, şəhid atası Bəhruz İsgəndərov, əsgər atası Azər Quliyev, çağırışçı gənc Elvin Məhərli, əsgər anası Mərziyyə Quliyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər.
Valideynlər övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildirmişlər.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri salamlayaraq, onların valdeyinlərinə gözaydınlığı verdi. Rayon rəhbəri aprel ayında ermənilərin törətdiyi silahlı təxribatdan, torpaqlarımızın müdafiəsi uğurunda həlak olan şəhidlərdən, ordu və xalq birliyindən danışdı. O, ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, 48 km təmas xətti olan Tərtər rayonunun ön cəbhədə yerləşən kəndlərində aparılan tikinti-abadlıq işlərindən, onların sosial problemlərinin həllindən, şəhid ailələrinə, müharibə veteranları və əlillərə göstərilən qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, İlqar Həsənovun küçələrə adlarının verilməsindən, qeyd olunan küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində onların baralyeflərinin hazırlanıb qoyulmasından danışdı. Bu günlərdə Sarov kənd tibb məntəqəsinə adı verilmiş “Azərbaycan Bayrağı” ordenli Şahlar Allahverdiyevin baralyefinin açılışı olacağını bildirdi. Onların döyüş fəaliyyətinin gənclərimizə örnək olduğunu vurğuladı. Bildirdi ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanın təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Bu yaxınlarda ordumuzun cəbhədə düşmənə layiqli cavabı bunu bir daha sübut etmişdir.
Müstəqim Məmmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə etmişdir.
Sonra çağırışçı gənclər müqəddəs Qurani-Kərimin altından keçərək, Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.