26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə rayon ərazisində yerləşən hərbi hissələrdə tədbirlər keçirilmişdir
26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirilmişdir.
Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirlərdə əvvəlcə hərbi hissələrin şəxsi heyyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general polkovnik Zakir Həsənovun təbrik məktubunu oxumuşlar.
Sonra hərbi hissələrin şəxsi heyyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitlərini təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamış, bildirilmişdir ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. 1-5 aprel döyüşləri bir daha sübut etdi ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdik. Bu gün Azərbaycan əsgərlərinə bizə qələbə sevincini yaşatdıqları üçün “çox sag olun”,-deyirik. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan ərazilərimizdə də dalğalanacaqdır.
Rayon rəhbəri Respublika Prezidentinin öz xanımı ilə rayonumuza səfərinin, səfər çərçivəsində hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsinin, 200 metrlik təmas xəttində əhali ilə görüşərək dağılmış evlərə baxmasının orduda və əhalidə yüksək əhval ruhiyyə yaratdığını, onları qələbəyə daha da ruhlandırdığını bildirmişdir.
Sonra bir qrup hərbi xidmətdə fərqlənən əsgər və zabitə Fəxri Fərmanlar, qiymətli hədiyyələr və hərbi hissələrə bayram sovqatı təqdim olunmuşdur. Tədbirlər rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etmişdir.
Nümayəndə heyəti sonra Talış yüksəkliyində yerləşən postda olmuş, ön xəttə xidmət edən hərbçiləri bayram münasibəti ilə təbrik etmişlər. Burada da xidməti vəzifəsini yerinə yetirən bir qrup əsgər və zabitə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuş, hərbçilərə bayram sovqatı verilmişdir.
Nümayəndələr üzbəüz düşmən mövqelərini müşahidə etmişlər.