Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun adını daşıyan küçənin açılışı olub

24 iyun 2016 | 16:00

Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, “Azərbaycanın Bayrağı” ordenli Mehrac Mahmudovun adı verilmişdir.

Bu münasibətlə iyunun 24-də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimini Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov açmışdır. Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sukutla yad edilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açmış, bildirmişdir ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyirdi. Erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlir. 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt M.Mahmudov batalyona rəsmi qəbul edilmədiyi halda belə bu faciəyə dözə bilməyib, hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərdi. Sonradan 02 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərmişdir. 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Rayon rəhbəri Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirmiş, bildirmişdir ki, şəhid ailələri və müharibə veteranlarının maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə rayonumuzda 1-ədəd  6 mərtəbəli 54 mənzilli, 2 ədəd 2 mərtəbəli 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli  binalar və  21  fərdi yaşayış evi  tikilib  şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilmişdir. Hazırda 9 fərdi evin  tikilməsi nəzərdə tutulmuşdur ki, bunlardan 4-nün  açılışı olmuş, digər 5 evdə isə işlər davam etdirilir.

Qeyd olunmuşdur ki, bu yaxınlarda daha 2 küçənin-Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun,  şəhid İlqar Həsənovun da adları verilmiş küçələrin açılışı olacaqdır.

Tədbirdə iştirak edən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri, Mehrac Mahmudovun döyüş yoldaşı Suliddin Yusifov,  Tərtər batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ Müharibəsi əlili, Mehrac Mahmudovun döyüş yoldaşı Pənah Məmmədov,     “Azərbaycan Bayrağı” ordenli, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, döyüş yoldaşı Nizami Heydərov. N saylı hərbi hissənin zabiti, Mehrac Mahmudovun bacısı oğlu Elnur Fərzəliyev çıxış edərək ölkəmizdə torpaqlarımızın ərazi bütövlüyümüz uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışmışlar.

Mehrac Mahmudovun oğlu Ziya Mahmudov, bacısı Validə Mahmudova şəhidin xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

Sonra mərasim iştirakçılarının alqış sədaları altında rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Mehrac Mahmudovun oğlu və bacısı ilə şəhidin adını daşıyacaq küçəyə vurulmuş barelyefin üzərindən ağ örtüyü götürmüşlər.

Tədbirdə Respublika Baş Ptokurorunun böyük köməkçisi Mübariz Əhmədov, baş prokurorluğun məsul əməkdaşları Nəsimi Səfərov və Taleh Zeynalov da iştirak etmişdir.

 

Keçidlər