Şriftin ölçüsü :

Saytın rəngi :

Baş nazirinin müavini Əli Əhmədov və Milli Məclisin deputatları Tərtər rayonunda olublar

28 may 2016 | 16:00

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində dağılmış evlərə baş çəkiblər.

Baş Nazirin müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.

Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndə heyyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Bildirilib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 3 nəfər isə dünyasını dəyişib. Dünyasını dəyişənlərdən 2-si məcburi köçkündür. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.

Sonra mərkəzi meydanda aprelin əvvəllərində cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüş keçirilib.

Hərbi qulluqçuları 28 May – Respublika Günü münasibətilə təbrik edən Əli Əhmədov bildirib ki, apreldə cəbhədə baş verən hadisələr qəhrəman döyüşçülərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa edilməsi naminə hər cür qəhrəmanlıq göstərməyə hazır olduğunu nümayiş etdirdi. Əsgərlərimizin qəhrəmanlığı, şücaəti, erməni təxribatına verdiyi layiqli cavab, eyni zamanda, Tərtər əhalisinin göstərdiyi dəyanət Azərbaycanı uzun illərdən bəri gözlədiyimiz qələbəyə yaxınlaşdırır. Azərbaycan xalqı öz hərbi qüvvələri ilə fəxr edə bilər. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqları azad edəcək.

Əli Əhmədov xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim edib. Hərbi qulluqçularla birlikdə xatirə şəkli çəkdirilib. Sonra Mərkəzi meydanda quraşdırılmış monitorda Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin birgə layihəsi olan “Qəhrəman Tərtərim” musiqili kompozisiyası təqdim olunub. 

Baş nazirin müavini və Milli Məclisin deputatları Ermənistan hərbi birləşmələrinin artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və Qapanlı kəndində dağılan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüblər.

Sakinlərlə söhbət zamanı Əli Əhmədov bildirib ki, cəbhədə son döyüşlər zamanı tərtərlilər böyük qəhrəmanlıq göstərib. Onların bu qəhrəmanlığı, dəyanəti, ermənilərin atdığı mərmilərdən qorxmaması əsgərlərimizi daha ruhlandırır.

Baş nazirin müavini erməni artilleriyasının zərbəsi nəticəsində zərər çəkmiş bütün evlərinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək.

Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, aprel ayında baş verən hadisələr Azərbaycan ordusunun erməni təxribatlarına layiqli cavab verməyə hazır olduğunu göstərdi, silahlı qüvvələrimizin döyüş qabiliyyətinin, hərbçilərin əhaval-ruhiyyəsinin kifayət qədər yüksək olduğunu təstiqlədi. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan bütün torpaqları azad etməyə hazırdir, qadirdir.

“Biz münaqişənin dinc yolla həll olunmasının tərəftarıyıq. Amma bu şərtlə ki, işğal altında olan torpaqlar qeyd-şərtsiz azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə öz həllini tapmasa, təbii ki, münaqişəni həll edən başlıca amil Azərbaycan əsgəri olacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı qəti əmindir ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqları azad etmək qüdrətindədir. Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağı gün uzaqda deyil” – deyə Əli Əhmədov bildirib.

Nümayəndə heyəti daha sonra ön xəttə xidmət edən əsgər və zabitlərlə görüşüb, onların xidmət şərait şəraiti ilə tanış olub.

 

Keçidlər