Kəbirli kəndinə təbii qaz verildi
Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Kəbirli kəndi də əlavə olunub. 920 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12929 paqonometr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə 179 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
Çıxış edən Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis vəzifəsini icra edən Elməddin Cəfərov, kənd sakinləri Zakir Bayramov, Rafiq Səfərov, Aybəniz Məmmədova çıxış edərək regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar. Kənd sakinləri kəndlərinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirmişdir ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. Əksinə, Ağdərə rayonunun işğal altında olan bir neçə kəndini işğaldan azad ediblər. Aprel ayından başlanan döyüşlərdə də qəhrəman şəhər öz ənənəsinə sadiq qaldı. Tərtər əhalisi ordu ilə monolit birlik nümayiş etdirdi, Milli Ordumuz düşmənə tutarlı cavablar verdi. Məğlubiyyətə uğrayan düşmən indi də yaşayış məntəqələrimizi, mülki insanlarımızı atəşə tutur. Bunun nəticəsində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Respublika Prezidenti cənab İlham Əliyevin xanımı ilə birgə rayonumuza səfəri, hərbi hissədə, düşmənlə 200 metrlik məsafədə Qapanlı kəndində dağılmış evlərə baş çəkməsi, sakinlərlə görüşü tərtərlilərin əhval-ruhiyyəsini daha da yüksəldib. Onlar Prezidentin çətin gündə də xalqla birgə olduğunun bir daha şahidi oldular. Göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə tərtərlilər adından öz minnətdarlığımızı bildiririk.
Qeyd etmək istəyirəm ki, 1-5 aprel tarixlərdə ən qızğın döyüşlər getdiyi vaxtda da tərtərlilərin əlləri işdən soyumadı, rayonda yol, su-kanalizasiya, qaz çəkilişi davam etdirildi, işıq dirəkləri dəyişdirildi, tikinti-abadlıq işləri aparmaqla düşmənə mənəvi zərbə vurduq.
Məlumat üçün deyim ki, 51 yaşayış məntəqəsindən 38–də əhalimiz qazdan istifadə edir ki, bu da yaşayış məntəqələrimizin 74.5 faizi deməkdir. Açılışına yığışdığımız Kəbirli kəndindən başqa daha 4 kəndimizdə qazlaşma başa çatmaq üzrədir. Bu hesabla 42 yaşayış məntəqəsi qazlaşmış olur ki, bu da yaşayış məntəqələri üzrə 82.4 faiz deməkdir. Bu kəndlərdə qazlaşma başa çatdıqdan sonra 15.230 abonentə qaz verilmiş olur ki, bu da ümumi abonentlərin 92.7 faizi hesab olunur. Qalan 9 xırda kəndlərimizin abonentləri təsərrüfatlar üzrə 595 nəfərdir, yəni qalan abonentlərimiz ümumi abonentlərimizin 3.6 faizini təşkil edir. İlin sonunadək həmin kəndlərin də qazlaşdırılması başa çatacaqdır. Qaz təsərrüfatından başqa rayonumuzda yeni işlənəcək layihələrimiz çoxdur: Su-kanalizasiya, yol infrasturukturunun yenilənməsi, elektrik şəbəkəsində kabelləşmə, yeni mənzillərin tikintisi və təmiri, köçkünlər üçün qəsəbənin salınması, yeni subartezian quyularının qazılması və təmiri. Eyni zamanda kənd təsərrüfatı bitkilərinin istehsalının genişləndirilməsi ilə əlaqədar pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi. Bu işləri görmək üçün elektrik enerjisi, təbii qaz və su təminatından narahatçılıq yoxdur.
Sonra M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı və kənd sakini Adil Abbasovun fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.