Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev – 93: Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

10 may 2016 | 16:00

Tərtər rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tərtərlilər əvvəlcə Heydər parkında ümummilli liderə həsr olunmuş rəsm və kitab sərgisinə baxmışlar. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoymuş, onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Tədbir Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafında davam etdirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra rayon icra hakimiyyətininin başçısı Müstəqim Məmmədov “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının yaradıcısı olan Heydər Əlirza oğlu Əliyevin 93-cü ildönümü ölkəmizin hər yerində təntənəli sürətdə qeyd olunur.

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, müxtəlif maneələrdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur.

Qeyd olunmuşdur ki, Ümumilli liderin keçdiyi həyat yolundan danışmaq, Azərbaycana rəhbərlik etdiyi 34 ildə xalq üçün gördüyü titanik işlərinin hamısını sadalamaq qeyri-mümkündür.

Bir həqiqəti heç vaxt unutmamalıyıq ki, Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərliyə gələnə qədər ölkəmiz geridə qalmış aqrar bir respublika idi. Ölkəmiz 1969-cu ildən 1982-ci ilədək Heydər Əliyev qətiyyəti, yorulmaz fəaliyyəti nəticəsində iqtisadi yüksəliş dövrünə çıxmışdır.

Ulu öndərin ilk dəfə hakimiyyətə gəlişi ilə əlaqədar olaraq Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranmışdır. Həmin illərdə rayon 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan sənayesini dirçəldən bir rayona çevrilmişdir. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət olan bir qəsəbə salınmış, 30-40 mənzilli evlərdən ibarət 8, beşmərtəbəli yaşayış binası tikilmiş, əhalinin mənzilə olan təlabatını ödəmək üçün 2300 nəfərə həyatyanı torpaq sahəsi verilmişdir. Bundan başqa rayonda 2000 nəfərə yaxın  işçi qüvvəsi olan Tərtər Elektromexanika zavodu,  500-ə yaxın işçi qüvvəsi olan Pambıq Təmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan konserv zavodu, süd emalı zavodu, yol-tikinti materialları istehsal edən zavod, Sərsəng su anbarı məhz Heydər Əliyevin dövründə tikilmişdir. Ulu öndər həmin dövrdə bütün regionlarda, o cümlədən, Tərtər rayonunda da dəfələrlə olmuş, sakinlərlə görüşmüş, rayonun inkişafı ilə yaxından tanış olmuşdur. Bu gün də rayonun yaşlı sakinləri o unudulmaz tarixi günləri xoş xatirələrlə yad edirlər.

Sonra rayon rəhbəri ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanın regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibinə çevrildiyini qeyd etmişdir. Bildirmişdir ki, Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycan həmişə yenilməz, qalib, müzəffər olacaq. Bu inamı bizdə yaradan səbəb isə ulu öndərimizin əmanəti olan müstəqil Azərbaycanın sükanı arxasında Heydər Əliyevin irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin dayanmasıdır.

Tədbirdə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, rayon polis şöbəsinin rəisi Rauf Məcidov, rayon prokuroru Azər Hətəmov, rayon icra hakimiyyətinin əməkdaşı Tünarə Məmmədzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və Səhləbad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova çıxış etmişlər. Çıxışlarda bir fikir vurğulanmışdır: Heydər Əliyev fenomen şəxsiyyətdir və o,  Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Keçidlər