Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Tərtər rayonuna səfər ediblər
Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrinə şiddətli artilleriya atəşi nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Türkiyə, Rumıniya, Rusiya, Pakistan, İtaliya, Norveç, Əfqanıstan, Fələstin, İspaniya səfirləri, ABŞ, Böyük Britaniya səfirliklərinin hərbi attaşeləri, Fransa səfinin müavini Tərtər rayonunda olublar. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.
Diplomatlar əvvəlcə Tərtərin Qapanlı kəndinə olublar. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. M.Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Bildirilib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sonra ermənilərin atdığı mərmilər nəticəsində dağılan evlərə baxış keçirilib.
Diplomatlara erməni əsirliyində olan Şahbaz Quliyevin anasının evi də göstərilib. Bildirilib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülüblər. Onlar hələ də düşmən əsirliyindədirlər.
Sakinlər görüşdə xarici diplomatlara kəndin ətrafına çəkilən istinad divarı barədə də məlumat verilib. Bildirilib ki, əhali kənddə öz evlərində yaşasa da, ermənilər onları atəşə tuturlar. Buna görə də mülki əhalini qorumaq üçün kənddə 4 metr hündürlükdə istinad divarları çəkilib. Buna baxmayaraq, düşmən artilleriyadan atəş açaraq yerli əhalini hədəfə alır.
Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdikləri ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.