5 dekabr-Beynəlxalq Könüllülər Günüdür: Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllülərlə görüş keçirib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə könüllülərlə görüşüb. Görüşə müxtəlif illərdə icra hakimiyyətində könüllü kimi fəaliyyət göstərib, sonra işlə təmin olunan gənclər də dəvət olunub.
İcra başçısı əvvəlcə könüllüləri Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı və fəaliyyətlərində uğurlar diləyib. O, bildirib ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
Rayon rəhbəri qeyd edib ki, müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların təcrübəsindən yararlanmağa mühüm önəm verilib.
1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.
Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.
Rayon rəhbəri ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdirildiyini, Azərbaycan gənclərinin respublika prezidenti ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu qeyd edib, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün olmadığını bildirİb.
Qeyd olunub ki, rayon icra hakimiyyətində könüllülərin fəaliyyətinə qoşulmuş 34 nəfər gəncdən artıq 14 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfəri YAP rayon təşkilatında, 1 nəfər–İsayeva Həcər Çingiz qızı isə Dövlət İmtahan Mərkəzində müvafiq işlə təmin olunub.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran 2 nəfər gəncə-Quluzadə Aysu Teyyub qızına və Atayev Xanlar Eyvaz oğluna rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən sertifikatlar təqdim edilib.






