Tərtərdə ilk dəfə “Sahibkarlar Günü” qeyd olundu
Ölkə iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarlığın müstəsna əhəmiyyətini nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev 21 aprel 2016-cı il tarixdə “Sahibkarlar Günü”nün təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il aprel ayının 25-i “Sahibkarlar Günü” kimi qeyd ediləcək.
Dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı tərtərli sahibkarları da ürəkdən sevindirmiş, onlar bayramlarını qeyd etmək üçün rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir araya toplaşmışlar.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra isə yığıncaq rayon Gənclər Mərkəzinin zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə sahibkarları ilk peşə bayramları münasibəti ilə təbrik etmiş, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsində onların rolundan danışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığıın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən qərargah tərəfindən işlər davam etdirilir. Rayon üzrə ayrılmış vakant yerlərə 672 iş axtaran vətəndaş işə qəbul edilmişdir ki, bunun 512-i daimi iş yeridir. Bununla yanaşı, hazırda rayonda su-kanalizasiya xəttinin yenidən qurulması işlərində Təmir Tikinti Şirkəti tərəfindən 108 nəfər vətəndaş işlə təmin edilmişdir.
Sahibkarlıq sahələrinin genişləndirilməsi məqsədi ilə Rayonun Əskipara kəndində “FİRO Tərtər Aqro” MMC və “Məhəmməd -Tərtər “ MMC yaradılmışdır.” FİRO Tərtər Aqro” MMC-fəaliyyəti üçün ayrılmış 200 hektar torpaq sahəsində 600 baş xirdabuynuzlu, 100 baş iribuynuzlu heyvanların saxlanması, ət və süd istehsalı nəzərdə tutulmuşdur.” “Məhəmməd -Tərtər “MMC-isə ilkin olaraq 200 baş xırdabuynuzlu, 50 baş iribuynuzlu heyvanlar almış, MMC-nin fəaliyyəti üçün ayrılmış 70 ha ərazidə yem bitkiləri və çuğundur əkmişdir. Hər iki MMC-də 46 nəfər daimi və mövsümi işlərə cəlb edilmişdir.
Son dövrdə 4 nəfər sahibkara kiçik südçülük fermer təsərrüfatının, 1 nəfərə kiçik quşçuluq, 1 nəfər faraş tərəvəz yetişdirmək üçün istixananın, 1 nəfərə ətkəsmə və ət satışı təsərrüfatının yaradılması üzrə kiçik həcmli investisiya layihəsinin hazırlanmasına köməklik göstərilmişdir. Layihələri həyata keçirmək üçün uzynmüddətli aşağı faizli kreditlər götürmək üçün layihələr sahibkarlar tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun rayonumuzda fəaliyyət göstərən müvəkkil bankı Kapital bankın filialına təqdim olunmuşdur.
Kiçik sahibkarkığın inkişafı ilə bağlı rayonun Köçərli kəndində bir nəfərə 99 kvadıratmetir, bir nəfər məcburi köçkünə icarə yolu ilə 70 kvadratmetir, Qaradağlı kəndində bir nəfərə “Sahibkarlıq obyektinin” tikintisinə icazə qərarı verilmişdir.
Şəhərin H.Əliyev prospektində, Tərtər-Bərdə magistral yolunun kənarında “Az petrol LTD” yanacaqdoldurma məntəqəsinin tikintisi üçün nəzərdə tutulmuş bir hektar torpaq sahəsində üçulduzlu otelin tikilməsi üçün layihə-smeta sənədləri təsdiq edilmiş, yaxın vaxtlarda tikintiyə başlanılacaqdır.
Qeyd edilənlər ölkə başçısı cənab İlham Əliyevin ölkə sahibkarlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Buna görə də rayon əhalisi, o çümlədən rayon sahibkarları adından Möhtərəm cənab Prezidentə öz minnətdarlığımızı bildiririk.
Sonra sahibkarlardan İlham Məmmədov, Habil İbrahimov (Borsunlu kəndi), Məhəmməd Şirinov (Ələsgərli kəndi), Mərziyyə Qəndilova (Rayon İstehsal istehlak koperativ cəmiyyətinin sədri), Məhərrəm Əliyev (Eksperimental cins damazlıq fermer təsərrüfatının rəhbəri), Tahir Abdullayev (İrəvanlı kəndi) və 11 saylı Yevlax Ərazi Vergilər Departamentinin rəis müavini, Baş Vergi Xidməti Müşaviri Rübail Rzayev çıxış etmişlər. Onlar sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən bir qrup sahibkar Fəxri Fərmanla təltif edilmişdir.